Tarixdəki olaylar
18 yanvar 1871 – Prussiya Kansleri (Baş nazir) Otto Bismarkın səyləri ilə alman torpaqlarının birləşdirilməsi başa çatıb. Prussiya ətrafında birləşən Almaniya imperiyasının yarandığı elan edilib. Prussiya kralı I Vilhelm birləşmiş Almaniyanın imperatoru, Bismark isə imperiyanın kansleri olub.
18 yanvar 1946 – Londonda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1-ci sessiyası işə başlayıb. BMT üç il Londonda fəaliyyət göstərdikdən sonra, 1949-cu ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkdakı indiki binasına köçdü.
18 yanvar 1990 – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1920-ci illərdə bolşeviklər tərəfindən Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində qalmış anklav vəziyyətində idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Montesquieu; 1689 – 10.2.1755) anadan olub.
18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksander Milne (1882 – 31.1.1956) anadan olub.
18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 – 2.11.1991) anadan olub.
18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.
18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağaəhməd İsa oğlu İsazadə (1928–2007) anadan olub.
18 yanvar 1941 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (1941 – 16.4.2021) Bakıda doğulub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
18 yanvar 2002 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.6.1917 – 2002) vəfat edib.
18 yanvar 2024 – Ədəbiyyatşünas, mətbuat tariximizin tədqiqatçısı, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev (1960 – 2024 vəfat edib.
Hazırladı: Vüqar Orxan






















