Milli Kitabxanada Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli şairə Mədinə Gülgünün 100 illik yubileyi münasibətilə kitab sərgisi təşkil edilib.

Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana – Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb, Cənubi Azərbaycan milli azadlıq hərəkatının iştirakçısı olub.

1947-ci ildə Bakıya qayıdıb. 1948–1952-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində ali təhsil alıb.

Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Cənubda Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizə illərinə təsadüf etmiş həyatı da bu şeirlərində də öz əksini tapıb.

Sonrakı illərdə ümumilikdə otuzdan artıq kitabı nəşr edilib. “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və kitablarının başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, humanizm və vətənpərvərlikdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunub, o cümlədən Moskvada kitabı nəşr edilib. Lirik şeirlərinə mahnılar bəstələnib.

Şairə “Əmək veteranı”, “Şərəf nişanı” ordenləri ilə təltif olunub, 1987-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

1991-ci ildə vəfat edib, Bakıda dəfn olunub.