Yanvarın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 1990-cı ilin Qara Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Filarmoniyadan bildirilib ki, musiqi axşamında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov) çıxış edəcək.
Proqramda Azərbaycan və dünya klassik musiqisinin nümunələri – Q.Qarayevin “İldırımlı yollarla” baletindən final səhnəsi, A.Məlikovun “Axırıncı aşırım” simfonik poeması, A.Əlizadənin “Muğamvari” IV simfoniyasının final hissəsi, S.Barber'in “Adagio” yer alıb.
Konsert milli yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvarın qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, musiqinin dili ilə hüznü, qüruru və xalqımızın sarsılmaz ruhunu əks etdirəcək.
Giriş sərbəstdir.



















