Tarixdəki olaylar
17 yanvar 1915 – Birinci Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları İrana (Cənubi Azərbaycana) keçərək Təbrizə yaxınlaşıb. Yanvarın 20-də Təbriz şəhəri ruslar tərəfindən işğal olundu.
17 yanvar 1922 – Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) təmir-bərpadan sonra (bina 1918-ci il hadisələrində yandırılmışdı) Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşası – M.F.Axundzadənin “Hacı Qara” komediyası göstərilib. Təntənəli açılış gecəsində dövlət rəsmiləri (xalq maarif komissarı Dadaş Bünyadzadə və b.) ilə bərabər, teatrın binasının keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib.
17 yanvar 1992 – Azərbaycan Parlamenti (Ali Sovetin Milli Şurası) 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında qanun qəbul edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863 – 7.8.1938) anadan olub.
17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 – 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.
17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Muxtar Məmmədov (1841–1929) vəfat edib. Şuşada doğulub, 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasına quruluş verib, müxtəlif truppalarda aktyorluq edib.
17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti – Yolanda Christina Gigliotti; 1933 – 3.5.1987) Misirdə doğulub. Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.
17 yanvar 1942 – Musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Səadət Ağaməmməd qızı Seyidova (1942–2020) Bakıda doğulub.
Hazırladı: Vüqar Orxan





















