Respublika Gənclər Kitabxanasında tanınmış şairə, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün (17.1.1926 – 17.2.1991) 100 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron topluda Mədinə Gülgünün həyat və fəaliyyətinin əsas məqamları, görkəmli şəxslərin, ədəbiyyatşünas alimlərin onun haqqında fikirləri, layiq görüldüyü mükafatlar barədə məlumatlar verilir.

Məlumat bazasında şairənin müəllifi olduğu kitablar, haqqında qələmə alınan nəşr və dövrü mətbuat nümunələri, o cümlədən “Xəzan tanımayan həyat”, “Milli poeziyamızın Mədinə Gülgün zirvəsi”, “Vətənə bənd Mədinə Gülgün”, “Balaşın Mədinəsi” başlıqlı məqalələrin tam mətni təqdim edilib.

“Notlar”, “Şeirlərinə yazılmış mahnılar” “Foto və videoqalereya” kimi bölmələrin də olduğu elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.