Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Muzeydən bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Türkan Əliyevanın mövzu üzrə məruzəsi dinlənilib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən dəhşətli hadisələrdən, Sovet Ordusunun Bakıda törətdiyi qırğından, xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən videoçarx və Azərbaycan dənizçilərinin qəhrəmanlığına həsr olunmuş “20 Yanvarda doğulanlar” bədii-sənədli filmi nümayiş olunub. Sənədli film "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə çəkilib.





















