Yanvarın 19-da saat 19:00-da Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli filminin premyerası olacaq.
Ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.
Animasiya və arxiv materiallarının hibrid işlənməsi ilə ərsəyə gələn film 1990-cı ilin 20 yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub. Film Xəzər Dəniz Neft Donanması kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir.
Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Animasiya hissəsi “Harmony of Chaos” studiyasında hazırlanan filmə “Current Time” TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib.



















