Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən edən, milli-mənəvi dəyərlərin qorunması və incəsənətin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi baxımından strateji planlaşdırma sənədidir. Konsepsiya mədəniyyəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etməklə yanaşı, milli dəyərlərə söykənən, eyni zamanda müasir və dayanıqlı incəsənət mühitinin formalaşdırılmasını hədəfləyir.
Konsepsiyada mədəniyyət və incəsənət cəmiyyətin estetik zövqünün formalaşmasında, milli kimliyin möhkəmlənməsində, ictimai həyatın zənginləşdirilməsində mühüm amil kimi təqdim olunur və yaradıcı şəxslər üçün daha əlverişli mühitin yaradılması, incəsənət sahəsində peşəkar fəaliyyətin təşviqi və mədəni proseslərin institusional əsaslarının gücləndirilməsi əsas hədəflər sırasında yer alır.
Sənəddə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsini, bu sahədə idarəetmə mexanizmlərinin daha səmərəli formada qurulması əksini tapıb. Eləcə də beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və Azərbaycan incəsənətinin dünya mədəni məkanında daha fəal təmsil olunması əsas məqsədlərindən biri kimi qeyd olunub. Konsepsiya çərçivəsində incəsənətin inkişafı ilə bağlı ayrıca dövlət proqramı layihəsinin hazırlanması da nəzərdə tutulur.
Sözsüz ki, belə geniş hədəfləri olan Konsepsiya ölkəmizdə incəsənətin müxtəlif sahələrinin, o cümlədən teatr sənətinin inkişafına yeni imkanlar açacaq. Bu baxımdan regionlardakı incəsənət müəssisələrinin fəaliyyətinin sənəddə əksini tapan strateji baxışlara uyğun və günün tələbləri səviyyəsində təşkili xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında çalışan bir sənət adamı olaraq qeyd edə bilərəm ki, Konsepsiyanın ümumilikdə mahiyyəti və konkret hədəfləri yerlərdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının, xüsusilə də incəsənətin aparıcı bir sahəsi olan teatrların məsuliyyətini artırmaqla yanaşı, işə daha yaradıcı yanaşmanı təşviq edəcək.
Bu isə öz növbəsində daha baxımlı, keyfiyyətli, məzmunlu səhnə işlərinin hazırlanmasına zəmin olacaq. Eyni zamanda, mövcud mədəni mühit sənət adamlarının yaradıcılıq fəallığını artıracaq, gənclərin teatra, musiqi sənətinə və digər mədəni sahələrə marağının güclənməsinə şərait yaradacaq və bölgədə peşəkar incəsənətin davamlı inkişafına təkan verəcəkdir.
Səyyad Məmmədov
Naxçıvan Dövlət Kukla Teatrının direktoru



















