Hollivud Xarici Mətbuat Assosiasiyasının (Hollywood Foreign Press Association) təsis etdiyi “Qızıl qlobus” mükafatının (Golden Globe Award) 83-cü təqdimatı yanvarın 12-nə keçən gecə Los-Ancelesdə, Beverli Hillsdəki “Hilton” hoteldə gerçəkləşib.
“Qızıl qlobus” Amerikada audiovizual sənət aləminin “Oskar”dan sonra ikinci nüfuzlu mükafatıdır. Kino tənqidçilərinə görə, “Oskar”a gedən yol böyük ölçüdə məhz “Qızıl qlobus”dan keçir, başqa sözlə, bu mükafatı qazananlar “Oskar” heykəlciyi üçün də favoritlər sırasında olurlar.
Budəfəki “Qızıl qlobus”un axşamın əsas qalibi isə Leonardo Di Kaprionun rol aldığı "Döyüşdən sonra döyüş" filmi (rejissor Pol Tomas Anderson) olub. Məşhur aktyor özü fərqlənməsə də, film namizəd olduğu 9 nominasiyadan 4-də – müzikl və komediya kateqoriyasında "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari" (hər iksi Pol Tomas Anderson) və "Ən yaxşı ikinci plan aktrisası" (Tiyana Teylor) mükafat qazanıb.
Çin əsilli amerikalı xanım rejissor Xloe Çjaonun quruluş verdiyi və Uilyam Şekspirin oğlunun uydurma həyat hekayəsini danışan "Hamnet" filmi “Dram” kateqoriyasında "Ən yaxşı film" mükafatını qazanıb.
Müzikl və komediya kateqoriyasında “Ən yaxşı aktyor" kimi Timoti Şalamet ("Möhtəşəm Marti” filmindəki roluna görə), “Ən yaxşı aktrisa” kimi isə Rouz Birn ("Əgər bacarsaydım, səni təpikləyərdim" filmi) təltif olunublar.
Ən yaxşı dram aktyoru və aktrisası kimi Vaqner Moura (“Gizli agent”) və Cessi Bakli (“Hamnet”) “Qızıl qlobus”a layiq görülüblər.
Bundan əlavə, gecədə ən yaxşı televiziya serialı, animasiya filmi, musiqi, orijinal mahnı və s. nominasiyalarda mükafatçılar elan edilib.
“Xarici dildə ən yaxşı film” nominasiyasında “Qızıl qlobus” isə Braziliyaya (rejissor və ssenari müəllifi Kleber Mendos Filyo) gedib.
Vüqar Orxan
























