Yanvarın 11-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 141, 102 və 279 saylı orta məktəbin şagirdlərindən ibarət “Oxu Sev Book” oxu klubunun üzvləri ilə uşaq yazıçısı Çinarə Köçərlinin görüşü keçirilib.
“Kitabı necə sevək?” mövzulu görüşdə müəllif kitabın uşaqların dünyagörüşünün formalaşmasında, düşünmə və yaradıcılıq bacarıqlarının inkişafında rolundan bəhs edib. Müasir dövrdə texnologiya ilə kitab arasında əlaqənin qurulmasının vacibliyi vurğulanıb, cizgi filmləri əsasında hazırlanmış kitab nümunələrində QR-kodlardan istifadənin uşaqların oxuya marağını artırdığı qeyd edilib.
Çinarə Köçərli “Qorxmaz bir macəra” kitabında uşaqların cəmiyyətdə qarşılaşa biləcəkləri bullinq hallarına qarşı yazılmış hekayələrin məzmunu haqqında da ətraflı məlumat verib. Müəllif “40 hekayə Aytəmiz” kitabından da bəhs edib. Qızları təmizkarlığa, uşaqları təbiətin qorunmasına təşviq edən hekayələrin yumor janrında qələmə alınması kitabı onlar üçün daha cəlbedici edir.
Tədbir çərçivəsində uşaqlar arasında vətənpərvərlik, xeyirxahlıq və mənəvi dəyərlər mövzularında viktorina təşkil olunub, qaliblərə müəllif tərəfindən kitablar hədiyyə edilib.
Oxu klubunun üzvləri oxuduqları əsərlərdən ilhamlanaraq hazırladıqları əl işlərini nümayiş etdiriblər. Kağız, rəng və müxtəlif formaların vəhdəti nəticəsində uşaqların daxili dünyasını əks etdirən yaradıcı nümunələr ərsəyə gətirilib.
Tədbirin sonunda Çinarə Köçərli kitablarını oxucular üçün imzalayıb.






















