Tarixdəki olaylar

 

12 (yeni təqvimlə 25) yanvar 1908 – Üzeyir Hacıbəylinin dahi sair Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operası Bakıda tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera idi. Operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı.

 

12 yanvar 1948 – ABŞ-nin Ali Məhkəməsi qaradərililərin ağdərililərlə eyni məktəbdə oxumasına icazə verən qərar çıxarıb. Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik rəsmən bu tarixdə ləğv edilsə də, reallıqda 60-cı illərədək davam edib.

 

12 yanvar 1995 – Azərbaycan Respublikası ilə Uruqvay arasında diplomatik münasibətlər qurulub.

 

12 yanvar 2004 – Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

12 yanvar 1628 – Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault; 1628 – 16.5.1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.

 

12 yanvar 1876 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 1876 – 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

 

12 yanvar 1925 – Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925–1982) Quba rayonunun Susay kəndində doğulub.

 

12 yanvar 1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair tədqiqat əsərlərinin, povestlərin müəllifidir.

 

12 yanvar 1940 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (1940 – 15.4.2009) Bakıda anadan olub.

 

12 yanvar 1994 – Populyar müğənni Hüseynağa Məmməd oğlu Hadıyev (19.11.1946 – 1994) vəfat edib. “Dan ulduzu” ansamblının solisti olub.

 

12 yanvar 2017 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (22.9.1924 –2017) vəfat edib. Bakı Musiqi Akademiyasının professoru olub.

 

12 yanvar 2021 – Əməkdar artist İsmayıl Ələkbərov (14.9.1939 – 2021) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

12 yanvar 2024 – Heykəltaraş, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Telman Heydər oğlu Zeynalov (20.10.1931 – 2024) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan