Xəbər verdiyimiz kimi, 8-10 yanvar tarixlərində Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə qadın idmançılar arasında “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri keçirilib.
Bu, FIS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) təqviminə əsasən, Azərbaycanda keçirilən ilk beynəlxalq yarışdır.
Turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında birincilik uğrunda yarışıblar.
Yarışın nəticələrinə əsasən, Qazaxıstan xizəkçisi Kseniya Brejnaya 1-ci, bu ölkənin digər təmsilçisi Dalel Talkunova 2-ci, Özbəkistanı təmsil edən Kseniya Qriqoreva isə 3-cü yerə sahib olublar.
Mükafatlandırma mərasimində Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmilər işrirak ediblər.
Qeyd edək ki, “Azerbaijan Open” turnirində İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan ümumilikdə 24 qadın idmançı iştirak edib. Yarışlarda ölkəmizi Anastasiya Papatoma təmsil edib.
Xatırladaq ki, 2025-ci idə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb. Tərəfdaşlıq müqaviləsinə əsasən cari il martın 14-15-də Azərbaycan ilk dəfə moqul (xizək fristaylının növü) üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.























