Akademik Opera və Balet Teatrı C.Puççininin "Toska" operasının növbəti tamaşasını yanvarın 8-də sənətsevərlərə təqdim edib.

Bakı Musiqi Akademiyasının nəzdindəki Opera studiyasında nümayiş olunan tamaşada Kavaradossi partiyasını ilk dəfə Əməkdar artist Ramil Qasımov ifa edib.

Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Skarpia partiyasını Əməkdar artist Anton Ferştandt ifa ediblər.

Tamaşada həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova rol alıblar.

Operanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

***

"Hər rolun özünəməxsusluğunu yaratmaq və operasevərlərə düzgün təqdim etmək böyük məsuliyyət tələb edir. Bizdən öncə səhnədə sözünü demiş sənətkarlar isə həmişə bizim üçün ilham mənbəyi olub" – tanınmış vokalçı Ramil Qasımov  bu sözləri Kavaradossi obrazında səhnəyə çıxması ilə bağlı təəssüratını bölüşərkən deyib.

O, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Toska" operasına baxdığını yada salıb: "Bu tamaşa yaddaşımda unudulmaz iz buraxmışdı. Toska rolunda dövrümüzün canlı əfsanəsi, Xalq artisti Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili çıxış edirdi, dirijor pultu arxasında isə musiqi mədəniyyətimizin canlı əfsanəsi, Xalq artisti Rauf Abdullayev dayanmışdı. Həmin tamaşada səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik süjet xətti mənə unudulmaz təsir bağışlamışdı. Elə həmin gün bir qərar verdim və haçansa bu partiyanı özüm ifa etmək arzusunda idim. O arzu gerçəyə çevrildi".

Ramil Qasımov bildirib ki, dünya opera incilərindən olan Cakomo Puççininin "Toska" operası dinindən və dilindən asılı olmayaraq, musiqini sevən, ona ruhu ilə bağlı olan hər kəsə bir töhfədir: "Əsərin dramaturji xəttini ifam ilə təqdim etməzdən əvvəl teatrın direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazovdan tövsiyələr aldım. Düşünürəm ki, ilk dəfə ifa etdiyim Kavaradossi partiyası növbəti tamaşalarda təkmilləşərək daha da mükəmməl olacaq".

***

Qeyd edək ki, italyan bəstəkarı Cakomo Puççininin “Toska" operası 1900-cü ildə Milanda keçirilən premyeradan bu günə dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanıb. Beləliklə, L.İllika və C.Cakozanın librettosu əsasında C.Puççini “Toska” operasını yaradıb. Operanın süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

Azərbaycan səhnəsində "Toska”ya vaxtilə korifey rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədov quruluş vermişdi. Hazırda repertuarda olan tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Aleksandr Petrov, quruluşçu rəssamı Dmitri Çerbadji, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.