Azərbaycanı 20-dək dildə dünyada tanıdan, xüsusilə ölkəmizin tarixi-mədəni zənginliklərini təbliğ edən "İRS" beynəlxalq jurnalının Türkiyə türkcəsində ("İRS" - "Miras") yeni sayı nəşr olunub.

Nəşrin 2025-ci il payız buraxılışı (N24) Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgünün Türk Dövlətləri Təşkilatı haqqında məqaləsi ilə açılır.

Jurnalın yeni sayı haqqında məlumat verən baş redaktor Musa Mərcanlı 2025-ci ildə Azərbaycanda bir neçə əlamətdar ildönümlərinin qeyd edildiyini və bu hadisələrin nəşrdə əksini tapdığını vurğulayıb.

Nəşrin son sayında 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin tarixi əhəmiyyəti araşdırılır. Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar olaraq Azərbaycan jurnalistikasının inkişaf mərhələlərinə diqqət yetirilir. Görkəmli rəngkar və milli təsviri sənətdə realistik dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinə xüsusi yer ayrılıb.

Bundan əlavə, Azərbaycanda multikulturalizm mühiti, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsi, Azərbaycanın gəzməli-görməli yerlərindən olan Astara rayonunun Sim kəndi haqqında və digər maraqlı məqalələr oxuculara təqdim edilib.