2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə yanvarın 9-da məlumat yayıb.
Dəyişikliyə görə, ixtisaslar üzrə yeni ballar aşağıdakı kimi olacaq:
Xoreoqrafiya sənəti (bakalavriat) – 50 bal
Aktyor sənəti (bakalavriat) – 100 bal
Rəqs müəllimliyi (orta ixtisas təhsili, 11 illik) – 40 bal
Rəqs müəllimliyi (orta ixtisas təhsili, 9 illik) – 50 bal
Xoreoqrafiya sənəti (orta ixtisas təhsili, 9 illik) – 50 bal
Bakalavriat təhsil səviyyəsi üzrə “Xoreoqrafiya sənəti” ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər.
“Xoreoqrafiya sənəti” ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.
Milli rəqs, rəqs müəllimliyi:
1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs);
2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı” (oğlanlar üçün 2 rəqs);
3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün 2 rəqs).
Balet pedaqogikası:
“Korsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”, “Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)
Modern rəqs:
Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.
Qeyd edək ki, “Xoreoqrafiya sənəti” ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.
Qeyd edək ki, xoreoqrafiya sənəti ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməmişdir.
Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.
***
Xatırladaq ki, bundan öncə V ixtisas qrupu üzrə aşağıdakı ixtisaslar üzrə minimum 60 bal toplamaq və qabiliyyət imtahanından məqbul qiymət almaq tələb olunurdu:
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qadın və kişi), musiqi müəllimliyi, rəqs müəllimliyi, təsviri incəsənət müəllimliyi, dizayn, bədən tərbiyəsi və idman, məşqçi (idman növü üzrə), dekorativ sənət, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, estrada sənəti, musiqili aktrə və bəstəkar ifaçılığı, aktyor sənəti, rejissor sənəti, rəngkarlıq, qrafika, heykəltəraşlıq, xoreoqrafiya sənəti (sahələr üzrə).



















