“Simurq” uşaq musiqi festivalı layihəsinin növbəti seçim mərhələsi uğurla başa çatıb. Layihə iştirakçıları müxtəlif ölkələrdən peşəkar pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak ediblər. Həmçinin gənc ifaçılara peşəkar səhnə davranışına dair təlimlər keçilib.

Bu barədə Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.

Yanvarın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında möhtəşəm qala konsert və mükafatlandırma mərasimi olub.

Tədbirin əvvəlində layihənin müəllifi və rəhbəri, Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağı-zadə və Xalq artisti, pianoçu Yeganə Axundova layihənin əhəmiyyətindən danışıb, bütün iştirakçıları təbrik edərək uğurlar arzulayıblar.

Sonra Səidə Tağı-zadə iştirakçılara diplom və sertifikatlar təqdim edib.

İştirakçılardan İnci Hümbətova, Uğur Nəbi, Fəxriyyə İsgəndərova, Xədicə Cahangirova, Pərviz Bağırov, Viktoriya Abbasova, Suada İşıkkent və Fidan İbrahimovaya sertifikatlar təqdim olunub.

III dərəcəli mükafatlara layiq görülən İnci Həsənli və İnci Abbasova Dövlət Uşaq Filarmoniyasında solo konsertlərdə, müxtəlif layihələrdə, eləcə də gələcək master-klasslarda iştirak hüququ qazanıblar.

II dərəcəli mükafatçı Nuray Şahməmmədli Montenegroda keçirilən Mira Marçenkonun yay məktəbində iştirak imkanı əldə edib.

I yerin sahibi isə Aydan Nuriyeva Parisdəki Azərbaycan Evində solo konsert proqramı ilə çıxış etmək hüququ qazanıb.  

Tədbirin bədii hissəsində layihənin qalibləri, eləcə də Yevgeniya Epşteyn (İsrail-Xorvatiya) və Səidə Tağı-zadə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər.