Yanvarın 9-da Azərbaycan Dövlət Film Fondunda Xalq yazıçısı, kinodramaturq Yusif Səmədoğlunun (1935–1998) 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Dövlət Film Fondundan məlumat verilib.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Yusif Səmədoğlunun əsərlərinin kino ömründən, yazıçının eyniadlı hekayəsi əsasında çəkilmiş “Foto-fantaziya” filminin yeganə nüsxəsinin Fonda daxil olmasının tarixçəsindən bəhs edib.
Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimləri İntiqam Qasımzadə və Ayaz Salayev görkəmli yazıçı haqqında xatirələrini bölüşüblər, onun yaradıcılığını təhlil ediblər.
Sonda Y.Səmədoğlunun əsəri əsasında çəkilmiş, Dövlət Film Fondunun arxivində qorunub saxlanılan “Foto-fantaziya” qısametrajlı filmi ilk dəfə geniş auditoriyaya təqdim olunub. 1970-ci ildə rus dilində lentə alınmış film Azərbaycan dilində subtitrlərlə nümayiş etdirilib.
Qeyd edək ki, film Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun kurs işi kimi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda istehsal olunub. Filmin rejissoru Dövlət mükafatı laureatı Rauf Nağıyevdir.






















