Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Yusuf Məmmədəliyev: Odlar Yurdunun fəxri” adlı tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova görkəmli alimin tədqiqatlarının keçmiş SSRİ məkanında və dünyada böyük əks-səda doğurduğunu söyləyib.

Bildirilib ki, akademik Y.Məmmədəliyevin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri olub. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Genişspektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən alimin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.

Yusuf Məmmədəliyev həmçinin Azərbaycan elminin böyük təşkilatçısı olub. Onun Azərbaycan Elmlər Akademiyasına rəhbərlik etdiyi illər mühüm nailiyyətlərlə yadda qalıb, Şərqşünaslıq İnstitutu, Əlyazmalar Fondu, Şamaxı Rəsədxanası yaradılıb. Alim “Kitabi-Dədə Qorqud” dastanının ölkəmizdə dərindən öyrənilməsi və Qobustanda arxeoloji qazıntılar aparılması haqqında təşəbbüslər irəli sürüb.

Tədbirdə 225№-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu, yazar Zenfira Nusalova, 158№-li tam orta məktəbin kimya müəllimi Gülçin Şıxməmmədova və digər çıxış edənlər Yusuf Məmmədəliyevin Azərbaycan elminə böyük töhfələridən söz açıblar.

Tədbir bədii hissəsində 225№-li və 158№-li tam orta məktəblərin şagirdlərinin maraqlı təqdimatları olub.