Sumqayıt Dövlət Dram Teatrı yanvarın 23-də fransız dramaturqu Jan Batist Molyerin “Jorj Danden, yaxud aldanmış ər” əsəri əsasında səhnələşdirilən “Aldanmış ər” komediyasını teatrsevərlərə təqdim edəcək. Tamaşa 2026-cı il üçün teatrın ilk premyerası olmaqla yanaşı, yeni mövsümün yaradıcılıq istiqamətlərini də müəyyənləşdirir.
Teatrının mətbuat katibi Turan Etibaroğlunun bildirdiyinə görə, hazırda daha bir komediyanın – Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanan “Gəlinlərin savaşı” tamaşasının məşqləri gedir. Əsər mövzusu və səhnə həlli baxımından tamaşaçılar üçün maraqlı olacaq.
Növbəti ay Sumqayıt teatrı Türkiyədə "SoloFest" monotamaşalar festivalında iştirak edəcək. Festivala Ülviyyə Heydərovanın “Pələng” monotamaşası aparılacaq. Eyni zamanda yaxın aylarda kollektivin Mingəçevir şəhərinə və ölkəmizin digər bölgələrinə qastrol səfərləri planlaşdırılır.
Bu il tamaşaçıları maraqlı sürprizlər də gözləyir, vaxtilə Sumqayıt teatrında çalışmış sənətkarlardan bəzilərini yenidən səhnədə görmək mümkün olacaq.
“2026-cı ilin birinci yarısı üçün teatrın əsas fəaliyyət istiqamətləri yeni tamaşaların hazırlanması, beynəlxalq festivallarda iştirak, regionlara qastrol səfərlərinin təşkili və repertuarın zənginləşdirilməsidir. Bununla yanaşı, tamaşaçıların sevdiyi, illərdir maraqla oxunan və böyük auditoriya tərəfindən rəğbətlə qarşılanan bir neçə əsərin də səhnələşdirilməsi nəzərdə tutulur. Məqsədimiz teatr repertuarını daha çevik, rəngarəng və tamaşaçı gözləntilərinə uyğun şəkildə formalaşdırmaqdır”, Məqsəd teatr sənətini region tamaşaçılarına daha yaxın etmək və canlı ünsiyyəti gücləndirməkdir”, – deyə T.Etibaroğlu bildirib.





















