Ədəbiyyat, memarlıq, heykəltaraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, eləcə də teatr, musiqi, kino – bir cümləylə ifadə etsək, incəsənət insanın əhatəsindəki həqiqətləri bədii obrazlar şəklində əks etdirdiyi çoxsaylı və rəngarəng yaradıcılıq növlərinin məcmusudur.
Hər bir sənət əsəri forma verilmiş bir varlıq, daxili qanunauyğunluqlara malik bütöv bir orqanizmdir. Onun ən fundamental xüsusiyyəti zərurilik xarakteridir; əsərin heç bir elementi təsadüfi deyildir, heç nə dəyişdirilə və ya öz yerindən kənarlaşdırıla bilməz. Hər bir ünsür mövcud şəkildə olmağa məcburdur.
Zamanla dünya dəyişir. İndiki insanların nə bilikləri, nə dünyagörüşü, nə gerçəkliyə münasibəti, yaradıcılığı, qavramaları, nə də tərcihləri yerində qalır, zamanın axarında dəyişən dünyanın estetik, bədii və mənəvi tələbatlarına cavab verməyə, öz dövrünü əks etdirməyə yönəlmiş olur. Ona görə də incəsənət anlayışına dair baxışlar da fərqlidir. Amma hər nə qədər fərqli baxışlar olsa da, incəsənətin dəyişməyən mahiyyəti, funksiyaları, qanunları, daxili qaydaları, metodları və s. mövcuddur.
Antik dövr filosofu Platonun nəzəriyyəsinə görə, rəssamlara, şairlərə onları adi halından çıxaran və əsər yaratmaq üçün gözəgörünməz güc, ilham verən fövqəltəbii bir başlanğıc – Allah vergisi bəxş edilib. Filosof Şellinq belə bir iddia irəli sürürdü ki, “öz istəyinə müvafiq yaşamaqdan məhrum edilmiş və taleyin onunçün hazırladığı qisməti yaşamağa məhkum olmuş insan kimi, rəssam da yaradıcılıq prosesinə qeyri-ixtiyari, hətta bəzən özünün daxilən istəmədiyi halda cəlb olunur”.
XVIII əsrin sonlarında yaradıcılıq prosesinin yuxudaykən əxz olunması barədə mühakimələri tənqid edən filosof Hegel qeyd edirdi ki, “Əsl rəssamın nə etdiyini özünün də dərk etmədiyini düşünmək axmaqlıqdır. Düşüncə, təfəkkür olmadan insan öz daxili dünyasını dərk edə bilməz. Əsl sənət əsərinə diqqətlə baxan və anlayan kəs onun dərindən düşünülmüş, bütün istiqamətlərdə saf-çürük edilmiş yaradıcılıq məhsulu olduğunu aydın görür”.
Çoxları incəsənətin hərəkətverici qüvvəsinin elmi biliklər olduğunu iddia edirdilər. Məsələn, ingilis rəngkarı D.Reynolds belə fikir səsləndirmişdi: “Sizin rəssamlıq fəaliyyətinizin uğur qazanması demək olar ki, bütünlüklə sizin nə qədər çalışmağınızdan asılıdır, ancaq mənim sizə tövsiyə etdiyim həmin çalışma əllərin yox, təfəkkürün, biliyin çalışmasıdır. Bizim incəsənətimiz Allah vergisi olmasa da, tam mexaniki sənət də deyildir. Onun bünövrəsində dəqiq elmlər dayanır. Avam adam heç vaxt böyük rəssam ola bilməz”.
Toğrul Nərimanbəyov. "Bakıda bahar" (kətan, yağlı boya)
Əslində, bu həqiqətdir ki, bir çox görkəmli rəssamlar həm də geniş əhatəli təhsilə malik insanlardır. Leonardo da Vinçi mahir rəssam olmaqla yanaşı həm də riyaziyyatçı, fizik, mühəndis, ixtiraçı və hətta musiqiçi idi. Görkəmli alim M.V.Lomonosov şair və rəssam idi, rəngkar N.K.Rerix isə tarixçi, arxeoloq, filosof kimi də tanınırdı. Lakin razılaşaq ki, əsər yaratmaq üçün təkcə təhsil, savad kifayət edə bilməz. Rəssamlıq mədəniyyəti daha çoxunu tələb edir, bu mədəniyyət rəssamın ideya və mənəvi keyfiyyətlərindən kənarda düşünülə bilməz. Belə bir deyim var ki, əgər rəssamın ürəyi buz, qəlbi qəddar və ruhu ölüdürsə, onun sənət əsəri yaratması mümkünsüzdür. A.S.Puşkinin yazdığı sətirləri xatırlayaq: “Dahilik və qəddarlıq bir araya sığmayan iki müxtəlifdir!”
İncəsənət insanın düşüncəsinə və hisslərinə çox güclü təsir etmək gücünə malikdir. Bu səbəbdən də onun qəddar və dağıdıcı olması yolverilməzdir. İncəsənətin vəzifəsi insanı özgəsinin hisslərini duymağa, dərd-sərinə şərik olmağa vadar edəcək, hətta onda rəssamlıq həvəsi oyadacaq əsər yaratmaqdır. Bu elə bir əsər olmalıdır ki, insanda sevinc, məmnunluq yaratsın, onun mənəvi tələbatını ödəmək iqtidarında olsun. Axı rəsm çəkmək, oxumaq yaxud musiqi ifa etmək bacarmasaq belə, hər birimiz qəlbən müəyyən qədər rəssamıq. Bizi gözəlliklərə: kitablara, musiqiyə, teatra, rəngkarlığa cəzb edən də məhz “qəlbimizdəki rəssamdır!” Bu barədə dərindən düşünsək, həm “İncəsənət insana nə üçün lazımdır” sualına cavab tapırıq, həm də incəsənət əsərini yaradan müəlliflə ünsiyyət qurmuş oluruq.
Fərman Əliyev. "Günəbaxanlar" (batika)
Əslində, rəssam tamaşaçıya əsər vasitəsilə öz düşüncələrini, təəssüratını çatdırır və beləliklə də, onunla ünsiyyətə girir. Ona görə də incəsənətin dili təsviridir. Unutmaq olmaz ki, incəsənətin məqsədi sadəcə bizi əhatə edənlərin surətini köçürmək deyil, incəsənət əsəri fikirləri, hissləri, əhval-ruhiyyəni özündə ehtiva edir. Sənətə dəyər verməyi bacaran insan əsərə tamaşa edərkən həyatda gördüyünün təkrarını deyil, daha çox onun bədiiləşmiş obrazını axtarır. Məsələn, meşənin bir guşəsinin sanki güzgüdəki kimi əksi təsvir edilmiş tablo incəsənət əsəri deyil, çünki burada bədii obraz yoxdur. Məsələnin, başqa sözlə desək, rəssamın və ya başqa bir yaradıcı insanın fikir və düşüncələrinin, bəşəriyyətə ünvanladığı ismarışların anlaşılması üçün bədii obraz olmalıdır. Bədii obraz müəllifin həqiqəti öz fantaziya süzgəcindən keçirərək, yaradıcı tərzdə işlədiyi zaman meydana gələn modeldir. O, sadəcə, obyektiv aləmin vizual inikası deyil, eyni zamanda müəllifin subyektiv münasibətinin, ideya-fəlsəfi baxışlarının və dövrün estetik ideallarının sintezidir. Əsl rəssam bədii obraz yaradarkən təkcə gördüyünü deyil, eyni zamanda öz təəssüratını və öz münasibətini bəyan etməyi bacarır. Yaradıcılıq əsəri həm də ona görə qiymətlidir ki, biz dünyaya rəssamın gözü ilə baxmaqla, onu yeni, bəlkə daha maraqlı rakursdan görə və dərk edə bilirik.
Fazil Nəcəfov. "Rita" (kağız, karandaş)
Burada biz rəssamın yaratdığı bədii obrazın obyektiv və subyektiv başlanğıcların vəhdətini görürük. Bu halda da riyazi və ya sənədli dəqiqlikdən fərqli olaraq, emosional təsir gücünə malik “bədii həqiqət”i görürük. Əgər obyektiv tərəf rəssamın təsvir etdiyi real varlıq, təbiət hadisəsi və ya insan fiqurudursa, subyektiv tərəf müəllifin özünün həmin varlığa verdiyi qiymət, onun daxili aləmi və bədii təxəyyülüdür.
Təsviri incəsənətdə bədii obrazın dolğunluğu müəyyən bədii ifadə vasitələri ilə təmin olunur ki, bu da onun kompozisiya, kolorit, işıq-kölgə, faktura kimi struktur elementləridir. Bəzən sənətkar konkret bir fərdin (məsələn, portretdə) cizgilərini təsvir edərkən, eyni zamanda həmin dövrün, sosial təbəqənin və ya ümumbəşəri duyğuların xüsusiyyətlərini də ümumiləşdirir. Beləliklə, obraz həm fərdi (təkrarolunmaz), həm də ümumi (tipik) xarakter daşıyır. Bu xarakterdə də bədii obrazın idrak (dünyanı bədii vasitələrlə dərk etməyə kömək edir), estetik (insanda gözəllik duyğusu formalaşdırır və mənəvi zövq verir) və kommunikativ (müəlliflə izləyici arasında zaman və məkan daxilində dialoq yaradır) funksiyaları ortaya çıxmış olur. Bunun nəticəsində də təsviri incəsənətdə bədii obraz gerçəkliyin passiv surəti deyil, həyatın bədii-estetik cəhətdən dərki və sənətkar tərəfindən yeni bir reallığın yaradılması prosesi kimi özünü göstərir. O, görünən formanın arxasında gizlənən görünməyən mənanın (ideyanın) təzahürüdür.
Beləliklə, incəsənət insanın mənəvi ehtiyaclarını ödəyən, onun dünyagörüşünü zənginləşdirən güclü bir vasitədir. O, insanla insan arasında körpü yaradır, hissləri birləşdirir və düşüncələri paylaşmağa imkan verir. Hər birimiz peşəkar sənətkar olmasaq da, qəlbimizdə gözəlliyə can atan bir “daxili rəssam” daşıyırıq. Bizi kitablara, musiqiyə, teatra və rəngkarlığa yaxınlaşdıran da məhz budur. İncəsənət insanın özünü və dünyanı daha dərindən dərk etməsi üçün vazkeçilməz bir ehtiyacdır.
Aytən Muradlı
sənətşünas


























