Xəbər verdiyimiz kimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 2026-cı ilin tədbirlər proqramına Volfqanq Amadey Motsartın (1756–1791) 270 illiyinə həsr edilən konsertlə başlayıb.

Yanvarın 7-də filarmoniyada “Nadir klassik musiqi axşamı” keçirilib.

Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Proqramda dahi bəstəkarın yaradıcılığından nümunələr səslənib.

Solistlər Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin) və Rəna Rəhimova (viola) olub.

***

“Volfqanq Amadey Motsartın yaradıcılıq irsini dəqiq sayını müəyyənləşdirmək çətindir. Qısa ömründə dahi bəstəkar çoxsaylı əsərlər yaradıb. Biz isə bu gün Motsartın 270 illiyinə həsr edilən konsertdə onun ən sevilən, eyni zamanda az ifa olunan əsərlərini səsləndirdik”.

Bunu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru Əməkdar artist Əyyub Quliyev mediaya açıqlamasında deyib.

O bildirib ki, konsertdə bəstəkarın musiqi dilinin zənginliyi, melodik incəliyi və bənzərsiz üslubu tamaşaçılara çatdırılıb.

Dirijor əlavə edib ki, növbəti konsert yanvarın 14-də dünya musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Yohann Sebastian Baxın yaradıcılığına həsr olunacaq.