Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığına səfər edib.
Leyla Əliyeva səfər çərçivəsində paytaxt Maskatdakı Sultan Opera Evində olub.
2011-ci ildə rəsmi açılışı olan Opera Evi Omanın mədəniyyət və incəsənət sahəsində ən mühüm məkanlarından biridir. Musiqi gecələri, teatr tamaşaları, eləcə də konfrans və digər tədbirlərin təşkil olunduğu Opera Evində rəsm qalereyası da fəaliyyət göstərir. Sultan Opera Evində müxtəlif ölkələrin teatr truppaları və musiqi kollektivlərinin çıxışları da olur.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri də Omanın ən böyük teatr-konsert səhnəsində çıxış etmək üçün dəvət olunub.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyini də ziyarət edib.
Bu muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.
Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.
7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.
Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyinə xarici turistlər böyük maraq göstərir.
Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.























