Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanvar ayı üçün tədbirlər planı açıqlanıb.
2026-cı ilin ilk konserti yanvarın 7-də V.A.Motsartın 270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı” olacaq.
Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
Yanvar ayı repertuarında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları da var.
Həmçinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım konserti keçiriləcək.
“Əliağa Vahid – ədəbi-musiqili poeziya gecəsi”, "Abonement – 3" proqramı üzrə musiqi axşamı və “Simurq” layihəsi qaliblərinin qala-konserti də nəzərdə tutulub.
***
Yanvarın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında vals axşamı olacaq.
Şam işığında konsertlər silsiləsindən ilin ilk tədbirində İ.Ştrauss, P.Çaykovski və D.Şostakoviçin valsları ifa olunacaq.
Konsertin təşkilatçısı “Ars Caspia” (latınca “Xəzər incəsənəti”) mədəni layihələr şirkətidir. Proqramı təqdim edəcək “Ars Caspia Ensemble”in tərkibində tanınmış musiqiçilər Renata Abubekirova (I violin), Yuliya Motorina (II violin), Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kortrabas) və Ülviyyə Dadaşova (piano) yer alır.
Konsertlərin informasiya dəstəkçiləri sırasında "Mədəniyyət" elektron qəzeti də var.




















