Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın turizm imkanları, ölkənin zəngin mədəniyyətin bu xüsusda rolu, sektorun daha da inkişaf etdirilməsi üçün görülən və nəzərdə tutulan işlərə də toxunub.
Müsahibənin həmin bölümünü təqdim edirik.
Sual (Nadia Cani, AnewZ TV): Cənab Prezident, ötən il mənim “Kəskin Səyahət” Beynəlxalq Qrupunun göndərdiyi bir səyyahdan müsahibə götürmək fürsətim oldu. O və bir sıra digər şəxslər bölgəni təşviq etmək, yenidənqurma layihələrini müşahidə etmək məqsədilə Laçın, Xankəndi və Ağdamda əsas məkanlara səfər etdilər, yenidənqurma layihələrinə xüsusi maraq göstərdilər. Azərbaycan turizm imkanlarını əlavə olaraq necə daha səmərəli təşviq edə, zəngin mədəniyyətini necə nümayiş etdirə, turistləri nəinki paytaxta, eləcə də azad edilmiş ərazilərə necə cəlb edə bilər?
Prezident İlham Əliyev: Bəli, COVID-dən əvvəl bizdə turizm sahəsində kifayət qədər böyük artım var idi. Gələnlərin sayı hər il artırdı, sonra birdən-birə kəsildi. İndi biz həmin rəqəmləri bərpa edirik. Düşünürəm ki, bir neçə meyar Azərbaycanı cəlbedici edə bilər. Birincisi, təbii ki, təhlükəsizlik və sabitlikdir. Bu gün dünyada insanlar səyahət etmək qərarına gəldikdə onlar hər zaman ölkənin təhlükəsizliyini və sabitliyini nəzərə alırlar. Bir sözlə, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər.
İkincisi, onun yerləşməsidir. Ölkəmiz həm Asiyaya, həm də Avropaya yaxındır, bir növ onların qovuşduğu yerdədir. Əlbəttə ki, meyarlar sırasında zəngin mədəniyyət, tarixi abidələr, təbiətin müxtəlifliyi, doqquz iqlim tipi və inkişaf etmiş paytaxt var. Özü də təkcə paytaxt deyil, eləcə də bir çox turizm məkanları, doqquz beynəlxalq hava limanı, dəmir yolları və təbii ki, iqlim var. Bakıda və həmçinin bölgələrdəki iqlimi çox bəyənirəm. Xizəksürmə turizmi, çimərlik turizmi, piyada gəzinti, meşələr və xüsusən də nadir və bənzərsiz mətbəxi də əlavə etmək olar. Ölkəmizin çox qonaqpərvər, əcnəbiləri sevən insanları var. Bilirəm ki, Azərbaycanda yaşayan bir çox əcnəbilər özlərini evlərindəki kimi hiss edir.
Bir sözlə, ölkədə çox müsbət mühit, çox pozitiv insanlar var. Azərbaycan xalqı çox mehriban xalqdır. Ölkəmizə ilk dəfə səfər edən qonaqların, demək olar ki, hamısı Bakının gözəlliyi haqqında danışır. Görürük, onların çoxu deyir ki, insanlar gülərüzdür. Bir çox insanın üzündə təbəssüm var. Cəmiyyətdə yaxşı əhvali-ruhiyyə mövcuddur. Biz daha çox turist cəlb etmək üçün daha fəal olmalıyıq. Biz müxtəlif tədbirləri təşkil etməklə, bunları yerli səviyyədə və beynəlxalq arenada həyata keçirməyə çalışırıq. Misalçün, yarım milyard auditoriyası olan bir nömrəli idman tədbiri - Formula 1 yarışları təşkil olunur. Artıq on ildir ki, bu yarışlar keçirilir. Turistlərin də sayı ilbəil artır.
Bu il, iki aydan sonra Şahdağda ilk dəfə olaraq Xizəksürmə üzrə dünya çempionatı keçiriləcək. Həmin istirahət guşəsini ən yüksək beynəlxalq səviyyədə inkişaf etdirmək həm də bizim hədəfimizdir. Hazırda enişlərin təxminən 50 kilometri artıq hazırdır. Məsafə, ola bilsin, 55 və ya 60 kilometr olacaq. Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur.
Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən təbii cənnətdir. Bir sözlə, orada turizmin inkişafı prioritetlərdən biridir. Şuşada və Laçında bir sıra mehmanxanalar artıq var. Biri Zəngilanda tikilir. Bu yaxınlarda, Kəlbəcərdə, İstisuda mehmanxana açılacaq. Ola bilsin, gələn il və hətta bu il Xankəndidə yeni mehmanxana açıla bilər. Bu, turizm üçün mühüm məkan olacaq. Bununla yanaşı, Qəbələ, Lənkəran, Gəncə və bir çox digər məkanlar kimi ənənəvi turizm yerləri də mövcuddur.
Çox məsələlər hava xətlərindən asılıdır. Bu sahədə, həmçinin bir çox islahatlar həyata keçirilir. Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür.
Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var. Ötən il üçün rəqəmləri hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni konsepsiyası üzərində artıq işləyirik.
Bütün bunlar və öncədən qeyd etdiyim kimi, müharibənin bitməsi meyarı tamamilə yeni vəziyyət yaradır. Bu yük çiyinlərimizdən götürülüb. Bu yükü biz 30 ildən artıq daşımışıq. Beynəlxalq münasibətlər, biznes, səyahət və turizm baxımından bu, tamamilə yeni vəziyyətdir. Beləliklə, mən böyük perspektivlər görürəm. Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq. Bəlkə də bir şey söyləmək vaxtından əvvəl olardı. Lakin istirahət məqsədilə turizm artıq mövcuddur: Naftalan, Qalaaltı və ya Duzdağ və bir çox digər yerlər var. Lakin səhiyyə turizminə də nail olmaq mümkündür. Planlar çoxdur. Ümid edirik ki, onların hamısı həyata keçiriləcək.




















