“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 30 oktyabr 2018-ci il tarixdə qəbul olunub və 2020-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanunda uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması; zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi; zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması kimi prinsiplər əksini tapıb.

Sözügedən qanunun müvafiq müddəalarının yerinə yetirilməsində tədris müəssisələrinin üzərinə də mühüm öhdəlik düşür. Bu xüsusda mütəmadi maarifləndirci tədbirlərin təşkili vacibdir.

Ağstafa şəhər Uşaq musiqi məktəbində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) "Uşaqları zərərli informasiyadan qoruyaq" başlıqlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə şagirdlərə bu sahədə mövcud qanunvericilik haqqında məlumat verilib. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr və digər məsuliyyət növləri diqqətə çatdırılıb.

Mövzuya aid informasiyalar slayd şəklində nümayiş etdirilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.