Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə Bakı İdman Sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqlar üçün bayram şənlikləri keçirilir.
Əməkdar artist, aktyor Elman Rəfiyevin aparıcılığı və müxtəlif personajların, şən klounların, Şaxta baba və Qar qızın iştirakı ilə reallaşan şənliklərdə təqdim olunan bir-birindən maraqlı musiqi və rəqs nömrələri uşaqların könlünü oxşayır.
Uşaqlar idman sarayının mərkəzində qurulmuş böyük yolkanın ətrafında Şaxta baba və Qar qızla birgə rəqs edir, müxtəlif əyləncəli oyunlar oynayırlar.
Tanınmış müğənnilər də öz ifaları ilə uşaqların sevincinə sevinc qatırlar.
Uşaqlar şənlikdən təkcə unudulmaz təəssüratla ayrılmır, həm də bayram hədiyyəsi əldə edirlər.
Şənliklər yanvarın 4-də başa çatacaq.























