Tarixdə olub-bitənin, gerçəyin öz yerini alması bəzən çox uzun sürür. Bəzən ədalət gecikir, hətta bir şəhidin şəhid adının tanınması illərlə gözlənilir, amma o unudulmur...
TBMM-də İstanbuldan millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın əmisi oğlu Behman Ayrımın şəhidliyi də belə hekayələrdəndir. O, 26 avqust 1980-ci ildə terrorun qurbanı oldu, lakin şəhid adı rəsmi olaraq yalnız 45 ildən sonra tanındı.
İğdırın Tuzluca rayonunda baş verən silahlı hücum bir ailənin həyatını alt-üst etdi. Gənc mühəndis, ehtiyatda olan zabit Behman Ayrım başından vurulan güllələrlə 23 yaşında həyatını itirdi. Anası və bacısı ağır yaralandı.
O gecə yalnız bir insan öldürülmədi – bir ailənin ömrünə bitməyən gözlənti, uzun sürən bir ədalət axtarışı yazıldı.
Dövlətin yanında olan ailə
Şəhidin qardaşı Cem Ayrım deyir ki, hadisə baş verməzdən öncə İğdırın Tuzluca rayonunda yaşayıblar: “1920-ci illərdə Milli mücadilə zamanı ailəmiz İğdırın azad edilməsində iştirak etmişdi. Ailəmiz müstəqillik mübarizəmizin aparıcı qəhrəmanlarından biri Kazım Karabekirin rəhbərliyi altında Kuva-yi Milliyedə (Türk İstiqlal Müharibəsinin ilk silahlı müdafiə təşkilatı) yer almış, babamız Şamil Ayrım, İğdırın qurtuluşunda böyük rol oynamışdı. Bizim öncəliyimiz dövlətimizin yanında olmaqdı və bayrağımızın dalğalanması üçün hər cür mübarizə apardıq. Atamız 70-ci illərdə Ədalət Partiyasının rayon təşkilatının sədri, əmimiz isə Qars vilayətindən senator idi. O zaman Ərdahan və İğdır Qarsa bağlı idi.
O zamanlar, 1978-79-cu illərdə bölgədəki terrordan əziyyət çəkirdik. Evimiz dəfələrlə atəşə məruz qalmışdı. Hətta bir dəfə atam Qarsda hücuma məruz qaldı və döyüldü. Bunları edənlər dövlət əleyhinə formalaşan PKK terror qruplaşmaları idi. Biz isə dövlətimizin yanında olan ailəyik.
Uzun zaman Tuzulcada narahatlıq yaşandı. Bomba partlayışları, evlərin atəşə tutulması adi hal almışdı. Ona görə də üç otağımızdan ikisinin pəncərələri daşla hörülmüşdü. Birində gündüz yatardıq. Şiddətli hadisələr zamanı isə terrorçuların yerimizi tapmamaları üçün bir gecədə 2-3 ev dəyişdirirdik. Onların məqsədi müəyyən tanınmış, vətənpərvər ailələri bölgədən qovub çıxarmaq və oranı nəzarətə götürmək idi.
Sonra həmin məşum olayın şahidi oldum. İğdır hələ rayon olmamışdı. Rayonumuzda 8-10 polis məmuru vardı və jandarma onları qoruyurdu. Sonra biz evimizin torpaq sahəsini lojman (xidməti ev) inşa etmək üçün polisə bağışladıq. Həmin axşam təkrar evimizi atəşə tutdular.
Yarımçıq qalan ömür
Behman Ayrım mexanik-mühəndis idi. İstanbulun Bəyoğlu rayonunda, Kabataşda peşə təhsili almışdı, sonra universiteti bitirmişdi. Vətən, millət, dövlət dəyərlərinə sadiq, vətənpərvər ruhda böyümüşdü. Bayburtda vətənə hərbi xidmət borcunu da sevgiylə yerinə yetirirdi.
Cem Ayrım deyir ki, 1980-ci ilin 21 avqustunda atamız vəfat etdi, o zaman leytenant rütbəli böyük qardaşım Behman hərbi xidmətdən izn alaraq dəfn mərasimində iştirak gəlmişdi: “Gecə saatlarında terrorçular bizə hücum etdi. Qardaşıma baş nahiyəsindən 28 güllə vurulmuşdu. Anamı 7 güllə ilə yaraladılar. Bacım da qolundan yaralandı. Mənə də güllə atılmışdı, amma dəyməmişdi. Behman 23 yaşında bu silahlı hücumda şəhid oldu. Mən möcüzə nəticəsində sağ qaldım”.
Qorxu divarlarını aşan mübarizə
1980-ci illər Türkiyənin ən qaranlıq dövrlərindən idi. Terrorun adı belə çəkiləndə insanlar susurdu. Cem Ayrım altı il hərbi məhkəmələrin qapısını döydü, amma vəkil tapmaq belə mümkün deyildi. Qorxu hüquqdan daha güclü idi.
Ailə daha sonra başqa itkilər də verdi. Dayıları Hüseyn Cahid Aküzüm də terrorun qurbanı oldu. Buna baxmayaraq Ayrımlar geri çəkilmədi. Onların mübarizəsi səssiz, amma israrlı idi.
Gec də olsa, yerini tapan ədalət
Nəhayət, ailənin Prezident Rəcəb Tayyib Ərdoğana və Ədliyyə Nazirliyinə müraciətindən sonra sənədlər yenidən araşdırıldı.
45 il sonra Behman Ayrımın şəhidliyi rəsmən tanındı. Şəhidlik vəsiqəsi general-mayor Levent Səbahəttin Güldağı tərəfindən ailəyə təqdim edildi.
O gün Ayrımlar ailəsinə sadəcə bir sənəd verilmədi. O gün illərlə ailənin içində saxlanılan bir sükut dağıldı.
Bir məzar, bir bayraq, bir ad
İğdırın Tuzluca rayonunun Qazilər kənd məzarlığında artıq bir məzar daşında açıq-aydın yazılır: Şəhid Behman Ayrım. Məzar üzərində dalğalanan bayraq ailə üçün təkcə bir rəmz deyil – 45 illik səbrin, itkinin və sədaqətin nişanəsidir.
Behman Ayrımın məzarı yanında, Milli mübarizənin iştirakçısı olan babası Şamil Ayrımın xatirə məzarı da var. Bu yan-yana duran iki məzar bir nəslin taleyini danışır.
İki dövlət – bir yaddaş
Ayrımlar nəsli Azərbaycan köklüdür. Gədəbəydən gələn bu soy, adını Oğuz türklərinin Ayrım boyundan alır. Cem Ayrım bu bağlılığı belə ifadə edir: “Bizim iki dövlətimiz var – Azərbaycan və Türkiyə. Bayraq bizim qırmızı xəttimizdir.”
Cem Ayrım 1970-ci ildən Türkiyə Böyük Millət Məclisində (TBMM) çalışdığını deyir. Hazırda millət vəkili Şamil Ayrımın yardımçısıdır. TBMM-də millət vəkilinə təkcə seçiciləri deyil, həm iğdırlılar, həm Azərbaycan türkləri, həm də Türkiyənin müxtəlif regionundan olan gənclər dəstək üçün müraciət edirlər: “Buranı bir ümid qapısı görürlər. Bizim üçün bu çox önəmlidir. 55 ildir ki, insanlara cüzi də olsa yardım etmək üçün bacardığımız dəstəyi verməyə çalışırıq. Çünki onlar fərqindədirlər ki, millət vəkili Şamil Ayrım onların problemlərinə laqeyd qalmır və biz imkan daxilində onları naümid qoymuruq. İllər sonra olsa da, qardaşımın şəhid statusu alması isə bizim üçün həm qürur, həm də böyük təsəllidir.
Dayımız Hüseyn Cahid Aküzüm vəkil idi, Ankaranın Ulus bölgəsində terrorçular vəkillik bürosuna hücum edərək onu da şəhid etdilər. Biz Ayrımlar ailəsi olaraq dövlətimizin yanında olan bir ailəyik. Əmimiz, Qarsı təmsil edən Cümhuriyyət Senatının üzvü olmuş Yusuf Ziya Ayrım və dayımız keçmiş Qars millət vəkili Lətif Aküzüm uzun illər dövlətimizə xidmət etmişlər. Lətif Aküzümün övladı İlhan Aküzüm üç dönəm Qars, bir dönəm isə Ankara millət vəkili seçilib, həmçinin turizm naziri və dövlət naziri vəzifələrində çalışıb.
TBMM-nin üzvü Şamil Ayrım iki dönəm Ana Vətən Partiyasının İğdır və İstanbuldan millət vəkili olub. Daha sonra isə iki dönəm Ədalət və İnkişaf Partiyasının üzvü millət vəkili kimi xalqa xidmət etməkdədir. Hazırda Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədridir”.
Şəhid adının qüruru
Şamil Ayrım və Cem Ayrım deyirlər ki, bu qərar təkcə bir ailənin deyil, cəmiyyətin vicdanını rahatladan bir addımdır: “Bu, gecikmiş, amma yerini tapan ədalətdir.”
Behman Ayrım artıq yalnız xatirələrdə deyil, rəsmi tarixdə də şəhiddir. Onun adı indi sükutla yox, ehtiramla çəkilir.
Vətən uğrunda canından keçən şəhid Behman Ayrımı və bütün şəhidlərimizi rəhmətlə anırıq.
Mehparə Sultanova
Ankara

























