Aprelin 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli tarzən, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin (1947-2025) əziz xatirəsinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Konsertə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.

Konsertdən əvvəl Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Ramiz Quliyevin Azərbaycan musiqi mədəniyyətində tutduğu müstəsna mövqedən söz açıb. Akademik vurğulayıb ki, sənətkarın yaratdığı ifaçılıq məktəbi bu gün də yaşayır, onun yetirmələri Azərbaycan musiqisini ölkə daxilində və beynəlxalq səhnələrdə layiqincə təmsil edirlər. Rafael Hüseynov qeyd edib ki, Ramiz Quliyevin sənəti milli kimliyimizin ayrılmaz hissəsi olmaqla yanaşı, həm də mədəni irsimizin zənginliyini dünyaya nümayiş etdirən dəyərli bir xəzinədir.

Proqramda muğam və Azərbaycan klassik musiqisinin seçmə nümunələri səsləndirilib.

Konsertin solistləri tanınmış xanəndə və vokalçılar Nəzakət Teymurova, Azər Zeynalov, Ramil Qasımov, Təyyar Bayramov, Ehtiram Hüseynov, kamança ifaçısı Toğrul Əsədullayev, qarmon ifaçısı Ənvər Sadıqov, tarzənlər Sahib Paşazadə və Səxavət Məmmədov, pianoçu Emil Əfrasiyab və başqaları olub.

"Nadir events"in təşkilatçılığı ilə gerçəkləşən konsert Ramiz Quliyevin zəngin sənət irsinin yaşadılmasına xidmət etməklə yanaşı, onun yaratdığı məktəbin bu gün də canlı və davamlı olduğunu nümayiş etdirən mədəni təşəbbüsdür.