Tarixdəki olaylar
2 yanvar 1920 – Sovet (bolşevik) Rusiyasının xarici işlər komissarı Çiçerin Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyskiyə nota göndərib. Bolşeviklər Azərbaycandan Rusiyadakı vətəndaş müharibəsinə tərəf olaraq qoşulmağı və general Denikinə qarşı savaş elan etməyi tələb edirdilər. Cümhuriyyət hökuməti bu tələbi rədd etdi.
2 yanvar 1992 – Ekvador Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 12 il sonra, 2004-ci il martın 22-də quruldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 yanvar 1912 – İtalyan rəssamı Renato Quttuzo (Renato Guttuso; 1912 – 18.5.1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.
2 yanvar 1920 – Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920 – 6.4.1992) Rusiyanın Smolensk vilayətində yəhudi ailəsində anadan olub.
2 yanvar 1927 – Rusiyalı xoreoqraf, baletmeyster, SSRİ Xalq artisti Yuri Nikolayeviç Qriqoroviç (1927 – 19.5.2025) anadan olub. Arif Məlikovun dünyaca məşhur "Məhəbbət əfsanəsi" baletinin quruluş müəllifidir.
2 yanvar 1936 – Əməkdar müəllim, musiqişünas Zərifə Musa qızı Bakıxanova (1936–2014) anadan olub.
2 yanvar 1937 – Xalq rəssamı, heykəltaraş Arif Şamil oğlu Qazıyev (1937 – 3.9.2021) İrəvan şəhərində doğulub. Müxtəlif mövzularda əsərlər, görkəmli şəxsiyyətlərin heykəl və büstlərini yaradıb.
2 yanvar 1943 – Türk musiqiçisi, bəstəkar, müğənni Barış Manço (1943 – 1.2.1999) anadan olub.
2 yanvar 1944 – Əməkdar artist Qurban Məmiş oğlu Abbasov (1944 – 5.12.1998) anadan olub. Gəncə Dövlət Dram Teatrında çalışıb.
2 yanvar 1945 – Əməkdar artist Səməndər Mənsim oğlu Rzayev (1945 – 27.3.1986) Ağsuda anadan olub. Milli Dram Teatrının aktyoru olub. “Nəsimi”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə çəkilib, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
Hazırladı: Vüqar Orxan























