Tarixdəki olaylar
1 yanvar 1841 – Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz mərkəz Tiflis olmaqla İmereti quberniyasına və mərkəz Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölünüb. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Gəncə), Qazax, Balakən və Naxçıvan bölgələri İmereti quberniyasının tərkibinə daxil edilib.
1 yanvar 1929 – Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə siyasi qərar 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq türkoloji qurultayının (26 fevral – 6 mart 2026) tövsiyəsinə əsasən qəbul olunmuşdu. Lakin ortaq əlifba sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsindən ehtiyat edən SSRİ rəhbərliyi çox keçmədən onu aradan qaldırdı.
1 yanvar 1940 – Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 yanvar 1618 – İspan rəssamı Bartolome Esteban Murilyo (Bartolomé Esteban Murillo; 1618 – 3.4.1682) anadan olub. Sevilya rəssamlıq məktəbinin banisi sayılır, əsasən dini mövzuda olan 400-dən çox əsərin müəllifidir.
1 yanvar 1767 – İngilis (irland) yazıçısı Maria Edcuort (Maria Edgeworth; 1767 – 22.5.1849) anadan olub. Tarixi və dini mövzuda romanların, uşaqlar üçün tərbiyəvi-didaktik hekayələr toplusunun (“Əxlaqi nağıllar”) müəllifidir.
1 yanvar 1823 –Macar şairi Şandor Petefi (macarca Petőfi Sándor; 1823 – 31.7.1849) anadan olub. Əsərləri: “Kənd çəkici”, “Pəhləvan Yanoş”, “Pişta Saloy” (poemalar), “Buludlar” (poetik toplu) və s. Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən olub. Transilvaniyada rus generalı İ.Paskeviçin qoşunları ilə döyüşdə ölüb.
1 yanvar 1854 – İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854 – 7.5.1941) anadan olub. Dünya xalqlarının folkloru, dini ayinləri və adət-ənənələri, mifologiya və s. mövzuda tədqiqatların yer aldığı “Qızıl ağac” adlı 12 cildlik əsərin müəllifidir.
1 yanvar 1919 – Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919 – 27.1.2010) anadan olub. “Çovdarlıqda uçurumdan qoruyan” romanı (1951) ilə dünya şöhrəti qazanıb. Hekayə və novellaları: “Tanış qız”, “Gülən adam”, “Teddi” və s. Yazıçı 60-cı illərdə, şöhrətin zirvəsində olduğu vaxtda, ətraf aləmdən uzaqlaşaraq ömrünün sonunadək qapalı həyat sürüb.
1 yanvar 1938 – Türkiyənin tanınmış aktyoru Halit Akçatepe (1938 – 31.3.2017) İstanbulda anadan olub. 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb.
1 yanvar 1909 – Əməkdar mühəndis, səs operatoru Ağahüseyn Əşrəf oğlu Kərimov (1909–1991) anadan olub. “Azərbaycanfilm”də işləyib, aktyor kimi “Ad günü”, “Yaramaz” və s. filmlərdə çəkilib.
1 yanvar 1937 – Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1937 – 5.11.2001) Bakıda anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1940 – Əməkdar incəsənət xadimi, pianoçu, pedaqoq Oqtay Hüseyn oğlu Abasquliyev (1940 – 2.3.2016) Bakıda doğulub. BMA-nın tədris üzrə prorektoru olub.
1 yanvar 1940 – Əməkdar incəsənət xadimi, bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva (1940 – 8.4.2020) Bakıda anadan olub.
1 yanvar 1947 – Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1947 – 3.6.2006) Ağsu rayonunda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Qatır Məmməd”, “Üzeyir ömrü” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.
Hazırladı: Vüqar Orxan























