Qax Dövlət Kukla Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış əyləncəli tamaşa-kompozisiyanın nümayişi başlanıb.
Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi bayram proqramının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Proqramın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə rəqs edib əyləniblər.
Sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” əsəri əsasında Çingiz Ələsgərlinin qələmə aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri” əsərinin tamaşasına baxırlar.
Pinokkio obrazını Aynurə Abbasova, usta Çepetto obrazını Azər Kərimov ifa edirlər. Canlı aktyor və kukla oyunu ilə kölgə teatrının sintezi əsasında hazırlanan səhnə əsərində Araz Mehrablı, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.
Teatrda bayram şənlikləri yanvarın 5-dək (31 dekabr və 1 yanvar istisna olmaqla) davam edəcək.























