Görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli sənətkar Amaliya Pənahovanın (1945–2018) 80 illik yubileyi dekabrın 28-də paytaxtın baş səhnəsində – Heydər Əliyev Sarayında qeyd edildi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Amaliya Pənahovanın yaradıcı olduğu Bakı Bələdiyyə Teatrının iştirakı ilə keçirilən “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsinə rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, çoxsaylı sənətsevər qatılmışdı.
Gecədə aparıcı Saleh Bağırov və çıxış edən Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı unudulmaz aktrisanın 1964-cü ildə Akademik Milli Dram Teatrında rejissor Tofiq Kazımovun quruluş verdiyi “Sən həmişə mənimləsən” (İlyas Əfəndiyev) tamaşasındakı Nargilə obrazı ilə başlanan sənət yolundan, Azərbaycan teatr sənətinə töhfələrindən bəhs etdilər, xatirələrini bölüşdülər.
Əməkdar incəsənət xadimi Cəmil Quliyev aktrisanın filmoqrafiyasından, Azərbaycan kinosuna bəxş etdiyi rollardan söz açdı.
Yubiley gecəsində Amaliya Pənahovanın 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrında fəaliyyətindən, 90-cı illərdə bu kollektivin cəbhə bölgələrində, hərbçilərimizin qarşısında çoxsaylı çıxışlarından da danışıldı. Sənətkarın 2000-2005-ci illərdə Milli Məclisin deputatı kimi ictimai fəaliyyəti də diqqətə çatdırıldı.
Amaliya Pənahovanın parlaq sənət yolu ilə bərabər, xoşbəxt həyat yolu olduğu vurğulandı, tanınmış radio diktoru, Xalq artisti Yusif Muxtarov (1941–2010) ilə tələbəlik illərində başlanan tanışlıqları və ailə həyatlarından söz açıldı.
Aktrisanın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən görüntülərlə yanaşı, 70 illik yubileyi münasibətilə verdiyi müsahibəsindən, on il əvvəl Heydər Əliyev Sarayında qeyd edilən möhtəşəm yubileyindəki çıxışından parçalar, həyat və yaradıcılığı haqqında öz dilindən səslənən səmimi fikirlər, etiraflar, qiraət etdiyi misralar xatirə gecəsinin xüsusi bəzəyi oldu.
Xalq artistləri Nurəddin Mehdixanlı və Kazım Abdullayevin vaxtilə Amaliya Pənahova ilə tərəf-müqabil olduqları “Unuda bilmirəm” və “Medeya” tamaşalarından videoparçaların nümayişi zamanı səhnədə canlı ifaları maraqla qarşılandı.
Xalq artisti Hacı İsmayılov və Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın ifasında “Sən həmişə mənimləsən” tamaşasından Həsənzadə ilə Nargilənin dialoqu, Əməkdar artist Elşən Rüstəmovla aktrisa Ülviyyə Rzanın təqdimatında “Təhminə və Zaur” tamaşasından parça nümayiş etdirildi. Amaliya Pənahova vaxtilə bu tamaşalardakı rolları ilə səhnədə gur alqışlar qazanmışdı.
Rejissorlar Mərahim Fərzəlibəyov və Cavid İmamverdiyevin quruluş verdiyi gecədə Amaliya Pənahovanın tamaşalarda səsləndirdiyi mahnıların lent yazılarının müşayiətində Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi performans da böyük rəğbət doğurdu.
Xalq artistləri İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Sevda və Elmira Ələkbərzadələr öz ifaları ilə gecəyə rəng qatdılar.
Yubiley gecəsi aktrisanın on il əvvəl bu səhnədə alqışlanarkən tamaşaçılarına sevgi dolu xitabı, sənətinə verilən dəyərə görə söylədiyi minnətdarlıq sözləri ilə başa çatdı.
Gecənin təşkilində göstərdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Sarayına sənətkarın ailə üzvləri və Bakı Bələdiyyə Teatrı adından təşəkkür ifadə olundu.
Vüqar Orxan


























