M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Əsrlərin nəfəsi.The Breath of Centuries” adlı konsert olub.
Filarmoniyadan verilən məlumata görə, proqramda klassik musiqi tarixinin müxtəlif dövrlərinə aid dahi bəstəkarların əsərləri səsləndirilib.
Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov, dirijoru isə Tamerlan Adıgözəlov olub.
Proqramda ilk olaraq İ.S.Baxın 3 nömrəli orkestr süitasından “Ariya” səslənib. Ardınca P.İ.Çaykovskinin dərin lirizmlə dolu “Simli serenada”sı (op.48) ifa olunub.
İkinci hissədə Fikrət Əmirovun monumental “Nizami” simfoniyası səslənib. Dörd hissədən ibarət simfoniya dinləyicilərə həm zəngin milli musiqi irsini, həm də dərin fəlsəfi duyğuları çatdırıb.
Gecənin kulminasiyası isə çex bəstəkarı B.Martinunun fleyta, violin və orkestr üçün yazdığı, Azərbaycanda ilk dəfə səslənən konserti olub. Bu premyer ifada solistlər Aytac Kara (violin) və Kamran Talıblı (fleyta) yüksək peşəkarlıq və texniki ustalıq nümayiş etdiriblər.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.























