Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri dekabrın 27-də “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb.
Konsert Mədəniyyət Nazirliyinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə təşkil etdiyi bədii kollektivlərin ölkədaxili qastrol səfərləri çərçivəsində keçirilib.
Konsertdə Mahnı Teatrının solistləri Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Peşəkar ifaçılıq və zəngin repertuar tamaşaçılara yüksək sənət zövqlü musiqi axşamı bəxş edib.
Sonda Şamaxı rayon icra başçısının müavini Mehriban Eyyubova çıxış edərək maraqlı konsert proqramına görə kollektivə təşəkkürünü bildirib.
Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli öz növbəsində göstərilən qonaqpərvərliyə və tamaşaçı rəğbətinə görə minnətdarlığını ifadə edib.
Kollektivlə birgə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi qastrol səfərlərinin məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli bədii proqramların təqdim olunmasıdır.
























