Xəbər verdiyimiz kimi, Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsinə qayıdıb. 2019-cu ildə səhnələşdirilən tamaşa bərpa olunub və Yeni İl bayramı münasibətilə uşaqların görüşünə gəlib.

Teatrdan verilən məlumata görə, yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayev, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti Çimnaz Bağırovadır.

Dekabrın 28-dən yenilənən heyət ilə nümayişi başlanan tamaşaya Şaxta baba və Qar qız personajları da daxil olub.

Baş qəhrəmanı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırırlar. Təəssüratlarını jurnalistlərlə bölüşən qardaşlar qeyd ediblər ki, illərin sənətkarları ilə eyni səhnəni paylaşmaq onlar üçün qürur mənbəydir.

Qızılgül obrazına həyat verən Nəzrin İsmayılzadə isə qeyd edib ki, təxminən bir ay davam edən hazırlıq prosesi həm maraqlı, həm də yaddaqalan keçib: “Balaca Şahzadənin başqa planetdə yaşayan yaxın dostunu canlandırıram. Dostluq real həyatda da hər kəs üçün çox vacibdir. Arzu edirəm ki, həyatımızda Balaca Şahzadə kimi səmimi və dəyərli dostlarımız çox olsun”.

Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və başqaları iştirak edirlər.

Musiqili Teatrda “Balaca şahzadə” tamaşasının nümayişi gündə bir neçə seans olmaqla yanvarın 4-dək davam edəcək.