Tarixdəki olaylar

 

29 dekabr 1991 – Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib. Oktyabrın 18-də Ali Sovetdə qəbul olunan tarixi sənəd respublika rəhbərliyi tərəfindən SSRİ süqut edəndən sonra ümumxalq səsverməsinə çıxarılmışdı və artıq referendum formal xarakter daşıyırdı.

 

29 dekabr 1999 – Prezident Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqqında fərman imzalayıb. ARDNF 2001-ci ildə fəaliyyətə başladı.

 

29 dekabr 2000 – Prezident Heydər Əliyev 2001-ci il, XXI əsr və III minilliyin başlaması münasibətilə Azərbaycan xalqına müraciət edib. Müraciətdə Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin sonunadək keçdiyi tarixi yol geniş təfərrüatı ilə təhlil olunur, həmçinin Azərbaycanın gələcək strateji inkişaf istiqamətləri qeyd olunur.

 

29 dekabr 2006 – Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəzin təməlatma mərasimi 2007-ci ilin sentyabrında keçirildi, 2012-ci ildə rəsmi açılışı oldu.

 

29 dekabr 2006 – Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 dekabr 1775 – İtalyan memar Karl Rossi (Carlo di Giovanni Rossi; 1775–1849) anadan olub. Sankt-Peterburq şəhərində bir çox memarlıq ansambllarının müəllifidir.

 

29 dekabr 1921 – Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 – 4.9.2003) Bakıda anadan olub. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

 

29 dekabr 1924 – Əməkdar artist Sadıq Ömər oğlu Hüseynov (1924 – 1.6.2003) Kürdəmir rayonunun Atakişili kəndində doğulub. Akademik Dram Teatrında çalışıb. Filmlərdə  çəkilib. Radioda uşaq verilişlərində Savalan baba obrazı ilə yadda qalıb.

 

29 dekabr 1929 – Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 – 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

 

29 dekabr 1929 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 – 29.9.2011) Lənkəranda doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub.

 

29 dekabr 1944 – Əməkdar incəsənət xadimi, yazıçı-publisist Sara Oğuz (Sara Mollaçı qızı Nəzirova; 1944 – 22.6.2014) Oğuz rayonunda anadan olub. Sənədli filmlərin ssenari müəllifidir.

 

29 dekabr 1946 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (1946 – 17.10.2003) Qazax rayonunun Kalininkənd kəndində anadan olub. Şeirlərinə mahnılar bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.

 

29 dekabr 1951 – Əməkdar artist Elşad Allahverdi oğlu Zeynalov (1951–2007) Ağsu rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru, direktoru olub.

Hazırladı: Vüqar Orxan