Xəbər verdiyimiz kimi, 17-19 iyul tarixlərində VI “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilib. 

Final mərhələsində iştirakçıların idarəetmə bacarıqları ekspertlər tərəfindən “İdarəçi rollar modeli” əsasında qiymətləndirilib. Yekunda ən yüksək nəticə göstərən 20 namizəd müsabiqənin qalibi elan olunub. 

Müsabiqənin işçi qrupundan bildirilib ki, bakalavriat səviyyəsi üzrə nəticələrə əsasən, qalib adını qazanan 20 iştirakçının hər biri ali təhsilini ölkə daxilində alıb. Qaliblər arasında 16 nəfərin magistratura təhsili də var. Onlardan 10 nəfəri magistratura təhsilini Azərbaycanda, 5 nəfəri xarici ölkələrdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib. Bir nəfər doktorantura səviyyəsində təhsili də Azərbaycanda alıb.

İyulun 24-də VI “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, “Yüksəliş” müsabiqəsi ötən müddət ərzində ölkədə müasir idarəçilik mədəniyyətinin təşviqinə, yüksək potensiala malik rəhbər şəxslərin müəyyənləşdirilməsinə və yeni nəsil idarəçilərin yetişdirilməsinə xidmət edən strateji platformaya çevrilib.

Vurğulanıb ki, müsabiqə iştirakçılara praktiki təcrübə qazanmaq, real idarəetmə situasiyalarında öz potensiallarını nümayiş etdirmək, peşəkarlarla təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları formalaşdırmaq üçün geniş platforma təqdim edir.

Qeyd olunub ki, müsabiqənin yaradılması Prezident İlham Əliyevin insan kapitalının inkişafına, perspektivli idarəçilərin üzə çıxarılmasına, onların dəstəklənməsinə və ölkənin peşəkar kadr ehtiyatının formalaşdırılmasına verdiyi xüsusi önəmin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətində müasir biliklərə, innovativ düşüncəyə və yüksək idarəçilik bacarıqlarına malik kadrların yetişdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. “Yüksəliş” müsabiqəsi də bu strateji yanaşmanın mühüm tərkib hissəsi olmaqla, ölkənin gələcək inkişafında fəal iştirak edə biləcək yeni nəsil idarəçilərin formalaşmasına xidmət edir.

Tədbir zamanı müsabiqənin keçdiyi mərhələlər və əldə olunan nəticələr barədə məlumat verilib, müsabiqə prosesini əks etdirən videoçarx nümayiş olunub.

Mərasimin sonunda qaliblərə diplomlar təqdim edilib və xatirə fotosu çəkdirilib.

VI “Yüksəliş” müsabiqəsinin qalibləri: Faiq Xasayev, Hikmət Əliyev, Röyal Lətifli, Əlizamin Mirzəyev, Famil Məcidli, Sevda Mansurova, Şirin Şahbazov, Ağarəhim Klıçev, Elbrus İbrahimov, Əlizadə Fərzəliyev, Nəzakət Bayramova, Seyid Məlikov, Anar Əlizamanlı, Elmar Məmmədrzayev, Elnur Əliyev, Fərid Nadirov, Fidan Abbasova, Ləman Cəlilova, Mətanət Rzazadə, Rüfət Babayev.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.