“Neon teatrı” uşaqların sevimli əsəri olan “Qar kraliçası”nı bu dəfə yeni vizual effektlər və modern səhnə dili ilə təqdim edib.

Dekabrın 27-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında tamaşanın ilk nümayişi olub.

Nümayişdən öncə “Neon teatrı” haqqında məlumat verilib. Bildirilib ki, teatrın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkbərov, rejissoru Tural Mustafayevdir.

“Qar kraliçası” tamaşasının ilk izləyiciləri şəhid və qazi uşaqları olub. Həmçinin bir sıra tanınmış simalar öz övladları ilə birlikdə tamaşaya baxmağa gəliblər.

Güclü obrazlar, rənglərin oyunu, işıq-kölgə harmoniyası və dinamik musiqi ilə “Qar kraliçası” hər kəsin marağına səbəb olub.

Qeyd edək ki, tamaşa dekabrın 28-də (saat 13:00, 15:00) və 29-da (saat 15:00) da təqdim olunacaq.