Mədəniyyət naziri Adil Kərimli görkəmli tarixçi-şərqşünas alim, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlını ziyarət edib.
Dekabrın 25-də muzeydə gerçəkləşən görüşdə nazir Nailə Vəlixanlını 85 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd olunub ki, alim fundamental araşdırmaları ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr verib. O, tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də diqqətəlayiq işlər görüb.
Bildirilib ki, uzun illərdir Milli Azərbaycan Tarixi Muzeyinə rəhbərlik edən Nailə Vəlixanlı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb, yeni ekspozisiyalar qurulub.
Alimin Azərbaycan elminin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər təltiflərə layiq görülüb.
Görüşdə akademikə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim edilib.
Nailə Vəlixanlı fəaliyyətinə göstərilən diqqətə və təltifə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.























