Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) təşkilatçılığı ilə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbirin məqsədi reabilitasiya mərkəzində müalicə və sosial adaptasiya prosesində olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji vəziyyətinin yaxşılaşdırılması olub.
Proqramın bədii hissəsində rəqs və musiqi nömrələri, Şaxta babanın iştirakı ilə səhnəcik, həmçinin uşaqlar üçün face-art təşkil edilib. Tədbir böyük maraq və sevinc hissi ilə qarşılanıb, uşaqlara bayram əhvalı yaşadıb.
Sonda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin rəhbərliyi tərəfindən Mədəniyyət Mərkəzinin kollektivinə göstərilən diqqət və təşkilati dəstəyə görə təşəkkürnamə təqdim edilib.
Mədəniyyət mərkəzi sosial yönümlü və inklüziv, humanist dəyərləri təbliğ edən mədəni layihələri növbəti ildə də davam etdirmək niyyətindədir.






















