Tarixdəki olaylar
26 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan 3-cü hökumət kabinetini təsdiqləyib. Yeni hökumət koalisiyasında 14 nazir yer almışdı. Onların arasında 3 rus nazir vardı. Cümhuriyyət rəhbərliyi bununla həm rusları parlamentdə iştiraka (10 yer) təşviq etmək, həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq niyyəti güdürdü.
26 dekabr 1991 – SSRİ Ali Sovetinin sonuncu iclası keçirilib. İclasda ittifaqla bağlı bütün qurumların, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə xitam verilib. Sovet İttifaqı quruluşunun (30 dekabr 1922) 69-cu ildönümünə dörd gün qalmış rəsmən süqut edib.
26 dekabr 1991 – Kuba və Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Kuba ilə diplomatik əlaqələr 1992-ci il martın 27-də, Avstraliya ilə 1992-ci iyunun 19-da quruldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891 – 7.6.1980) anadan olub.
26 dekabr 1910 – Yazıçı, tərcüməçi Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910 – 9.8.1979) Şamaxıda anadan olub.
26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 – 30.4.2010) Qazaxda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filmində çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 – 10.10.2015) Şəkidə anadan olub. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan





















