Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
BDU-dan verilən məlumata görə, elmi konfrans Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən universitetin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, türkdilli xalqları ortaq tarix, adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlər birləşdirir. Azərbaycanın qazandığı tarixi Zəfər Türk dünyasının birliyini daha da gücləndirir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov ümumtürk ailəsinin və soy-kökünün qorunmasının vacibliyini vurğulayıb. O, yeni reallıqlar dövrünü yaşayan Azərbaycanın bu gün Türk dünyasının mərkəzinə çevrildiyini, dirçələn Qarabağın isə bu birliyin strateji nöqtəsi olduğunu deyib: “Türk dünyasının ortaq tarixini yaratmaq lazımdır. Hazırda ortaq əlifbanın üzərində işlər gedir, amma ortaq tarix daha da strateji məsələdir. İnanıram ki, bu missiyanı gənclərimiz bacaracaq”.
BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov Türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinin pedaqoji yükə sahib olduğunu deyib: “Bu gün “Türk dünyası nədir?” sualının cavabını tapmaqla uzun illər həsrətində olduğumuz birliyə nail olmuşuq. Türkçülük ideologiyasının əsasını qoyan Ziya Göyalpın, ölkəmizdə ilk dəfə bu ideyaların müəllifi kimi çıxış edən Əli bəy Hüseynzadənin varisləri kimi həmin sualı daha dərindən dərk etməli və dünyaya sübut etməliyik. Hazırda Türk dünyasının ortaq məsələlərlə bağlı metodoloji problemləri var. Biz ortaq məsələlərin təhrifə yol verilmədən inkişafına nail olmalıyıq”.
Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru İbrahim Ethem Atnur, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, Milli Məclisin deputatları – BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva və Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev konfransın önəmini vurğulayıb, tələbə-gəncləri bu mövzuda fəal olmağa çağırıblar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.






















