Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin  tabeliyində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazax Müəllimlər Seminariyası – ADA Universiteti Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə dekabrın 23-də “ADA-da irs günü: bölgəmizin mədəniyyətindən akademik dünyaya körpü” adlı sərgi və elmi seminar keçirilib.

Bu barədə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğundan məlumat verilib.

Elmi seminarda ADA Universiteti Qazax Mərkəzinin, BDU-nun Qazax Filialının müəllim və tələbələri, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu) kollektivi, bölgədə elmi-tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, bölgənin tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, abidə mühafizəçiləri, ümumtəhsil məktəblərinin tarix müəllimləri,  ziyalılar, gənc könüllülər iştirak ediblər.

Elmi seminarın təşkilində məqsəd bölgənin qədim mədəni irsini geniş auditoriyaya tanıtmaq, “Keşikçidağ” qoruğunda aparılan arxeoloji tədqiqatların nəticələrini ictimaiyyətə təqdim etmək və elmi müzakirələr üçün platforma yaratmaqdır.

Tədbir iki mərhələdə – İsrafil ağa hamamı incəsənət məkanında və ADA Universitetinin Qazax Mərkəzində keçirilib. 

İsrafil ağa hamamı incəsənət məkanında “Keşikçidağ” qoruğu ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, qoruğun çap məhsulları sərgilənib. Xüsusi olaraq quraşdırılan monitorlarda tarixi abidələrin fotoşəkillərinin əks olunduğu banerlər və videoçarxlar nümayiş olunub.

Tədbir ikinci mərhələsi ADA Universitetinin Qazax Mərkəzində elmi seminarla davam edib.

“Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev və ADA Universiteti Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü  tədbirin məqsədi, əhəmiyyəti və gələcəkdə bu istiqamətdə qarşılıqlı əməkdaşlıqla bağlı çıxış ediblər. 

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, institutun böyük  elmi işçisi, arxeoloq Lola Hüseynova bölgədə, o cümlədən Keşikçidağ kurqanlar vadisindəki arxeoloji tədqiqatların nəticələrinə dair, institutun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva antropoloji tədqiqatlara dair təqdimatlar ediblər, müstəqil tədqiqatçı Faiq Nəsibov bölgənin mədəni irsi haqqında danışıb.

Sonda iştirakçılar sual-cavab və müzakirə formatında fikir mübadiləsi aparıblar.

Sərgi və elmi seminarın təşkili  “Keşikçidağ” qoruğunun elmi, mədəni və tarixi potensialının daha geniş auditoriya tərəfindən tanınması və bölgənin mədəni irsinə dair ictimai məlumatlılığın artmasına zəmin olmaqla bərabər, ADA Universitetinin Qazax Mərkəzi və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında gələcək əməkdaşlığa, ortaq tədqiqatlara şərait yaradacaq.