Tarixdəki olaylar

 

25 dekabr 1991 – SSRİ Prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa verib. Moskva vaxtı ilə saat 19:00-da Mərkəzi Televiziyanın birbaşa efirində çıxış edən Qorbaçov Müstəqil Dövlətlər Birliyinin elan edilməsindən sonra bu vəzifədə qalmasının qeyri-mümkün olduğunu deyib. Saat 19:38-də Kreml üzərində SSRİ-nin bayrağı endirilib və Rusiyanın üçrəngli bayrağı qaldırılıb. Ertəsi gün SSRİ Ali Sovetinin sonuncu iclası keçirilib. İclasda İttifaqla bağlı bütün qurumların, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə xitam verilib. Sovet İttifaqı quruluşunun (30 dekabr 1922) 69-cu ildönümünə dörd gün qalmış rəsmən süqut edib.

  

25 dekabr 1991 – Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman verib. Yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi, lakin proses çox uzandı. 2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.

 

25 dekabr 1991 – Azərbaycan Parlamenti – Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.

 

25 dekabr 1991 – Vaşinqtonda ABŞ Prezdenti Corc (ata) Buş SSRİ-nin müttəfiq respublikalarının müstəqilliyinin tanınması barədə bəyanat verib.

 

25 dekabr 1991 – İran İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 12-də quruldu.

 

25 dekabr 1991 – İsrail Dövləti Azərbaycanın Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il aprelin 7-də quruldu. 

 

25 dekabr 2024 –“Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin (o cümlədən 37 nəfər Azərbaycan) və 5 ekipaj üzvü olub. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən şəhər üzərində pilotsuz uçuş aparatlarının aktivliyi müşahidə olunub və Rusiyanın ərazidəki HHM sistemi tərəfindən atılan raketlərdən biri təyyarənin yaxınlığında partlayıb. Zədələnən təyyarə Xəzər dənizi üzərindən Aktau şəhərinə (Qazaxıstan) uçmağa məcbur olub. Qəza enişi nəticəsində 38 nəfər, o cümlədən 26 nəfər Azərbaycan (3-ü ekipaj üzvü) həlak olub. 

  

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber; 1813 – 5.4.1894) anadan olub.

 

25 dekabr 1896 – Əməkdar incəsənət xadimi, kino istehsalı təşkilatçısı Teymur Əli oğlu Hüseynov (1896 – 13.6.1973) anadan olub.

 

25 dekabr 1906 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 – 7.11.1990) Bakıda doğulub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat” və s. filmlərə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.

 

25 dekabr 1908 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (1908 – 4.2.1982) Gəncə şəhərində doğulub. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

 

25 dekabr 1909 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 – 8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb.

 

25 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 31.3.1993) Tovuz rayonunda anadan olub. Gəncə Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb.

 

25 dekabr 1931 – Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov (1931 – 27.4.2020) Göyçə mahalının (Ermənistan SSR) Cil kəndində doğulub. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

 

25 dekabr 1934 – Ədəbiyyatşünas, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

 

25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenarisini yazıb.

 

25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 – 16.11.1995) Şəmkirin Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

25 dekabr 1954 – Əməkdar incəsənət xadimi, şair Ağalar Həmzə oğlu Mirzə (1954 – 5.3.2008) Şabran rayonunda doğulub.

 

25 dekabr 1977 – Dünyaca məşhur ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin; 16.4.1889  – 1977) vəfat edib.

 

25 dekabr 2016 – Xalq artisti, tanınmış xanəndə Ağaxan Minaxan oğlu Abdullayev (6.2.1950 – 2016) vəfat edib.

Hazırladı: Vüqar Orxan