Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsində tələbələrin təşəbbüsü və iştirakı ilə “Elektronika və proqramlaşdırma” adlı sərgi təşkil olunub.

Bu barədə NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbələrin istifadəsi üçün yaradılan STEAM və İnnovasiya mərkəzləri barədə söz açıb, təqdim olunan texnoloji imkanların dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Rektor universitetin yaşıl enerji zonası elan olunduğunu bildirib və bununla yanaşı, yaxın gələcəkdə Texnologiyalar parkının yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasını xatırladan Elbrus İsayev fakültə kollektivinə qarşıdakı dövrdə daha innovativ və aktiv fəaliyyət göstərmələri ilə bağlı tövsiyələrini verib.

Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov sərgidə tələbələrin fərdi və komanda şəklində hazırladıqları layihələrin təqdim olunduğunu bildirib.

Ekologiya, energetika və proqramlaşdırma sahələrini əhatə edən 30-dən artıq layihə sərgilənib. Tələbələrin sərbəst düşüncə və yaradıcı yanaşmalarını əks etdirən layihələr maraqla qarşılanıb.

Sərgi tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirmək baxımından əhəmiyyətli platforma olub.