“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 23-də Azərbaycan İstiqlal Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə mediatur təşkil olunub.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli muzey haqqında media nümayəndələrinə ətraflı məlumat verib.

Qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik tarixinin, milli azadlıq mübarizəsinin, istiqlal ideyalarının və suverenlik yolunun elmi əsaslarla toplanması, öyrənilməsi və nümayiş etdirilməsi məqsədilə 1919-cu ildə yaradılan ilk muzey (1991-ci ildə yenidən fəaliyyətə başlayıb) məhz İstiqlal Muzeyidir.

Muzeyin ekspozisiyası 6 zaldan ibarətdir. Əsas fondda 18 mindən çox eksponat qorunur. Fond 8 elmi inventar bölməsinə ayrılıb: sənədlər, foto, foto-neqativ, numizmatika, qrafika, rəngkarlıq, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət. Muzeyin fondları bu istiqamətlər üzrə toplanır və mühafizə olunur.

Direktor diqqətə çatdırıb ki, Azərbaycan İstiqlal Muzeyinin əsas missiyası Azərbaycan dövlətçiliyinin tarixi yaddaşını qorumaq, müstəqillik ideyasının inkişafını cəmiyyətə çatdırmaq, gələcək nəsillərə milli dövlətçilik dəyərlərini ötürmək, eyni zamanda arxivlərin, sənədlərin və maddi-mədəni irsin qorunmasında elmi mərkəz kimi fəaliyyət göstərməkdir.

Mediatur Milli Azərbaycan Tarixi Muzeyini ziyarətlə davam edib.