Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) 2025-ci il üçün nəzərdə tutulan ustad dərslərinin sonuncusu Yevlax şəhərində təşkil olunub.

Bu barədə MEMİM-dən məlumat verilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə dekabrın 22-də Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində keçirilən qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərslərində idarənin tabeliyində fəaliyyət göstərən Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayon və Mingəçevir şəhər musiqi və incəsənət məktəblərindən şagird və müəllimlər iştirak ediblər.

Qarmon ixtisası üzrə ustad dərsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri kafedrasının müəllimi, Əməkdar artist Sərxan Abiyev, xanəndəlik ixtisası üzrə dərsi isə Beynəlxalq Muğam Mərkəzinin solisti, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin müəllimi, Əməkdar artist Sevinc Sarıyeva keçib.

MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində tədris səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Layihə şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanması, eləcə də müəllimlərin nəzəri və praktiki biliklərinin artırılması baxımından əhəmiyyət daşıyır.

Ustad dərslərində pedaqoqlar şagirdlərin ifası ilə bağlı tövsiyələrini verib, auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Sonda MEMİM tərəfindən tərtib edilən “Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabı Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin kitabxanasına hədiyyə olunub.