Azərbaycanın mədəni-maarif tarixində mühüm xidmətləri və məxsusi yeri olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bu il 60 illik yubileyidir.

Dekabrın 22-də kitabxanada yubiley münasibətilə tədbir keçirilib.

Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Mədəniyyət Nazirliyi adından ünvanlanmış təbrik məktubunu kitabxana kollektivinin diqqətinə çatdırıb.

Direktor çıxışında qeyd edib  ki, Respublika Uşaq Kitabxanası ötən illərdə zəngin inkişaf yolu keçib. Kitabxana bu gün, aparıcı mədəniyyət müəssisəsi olmaqla yanaşı, eyni zamanda təhsilə dəstək məqsədilə daim uşaqlara bilik aşılayan, oxuyan, düşünən, araşdıran nəsillərin yetişməsinə xidmət edən məktəbdənkənar təhsil ocağıdır. Respublika Uşaq Kitabxanası təkcə kitabların evi deyil, uşaqlığın, saf düşüncənin, gələcəyin evidir.

Tədbirdə Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr və mədəniyyət tədbirləri haqqında məlumat verilib. Bütün layihələrin, tədbir, görüş və kitab təqdimatlarının uşaqların təhsilini və inkişafını dəstəkləyərək, onların mədəniyyətə olan maraqlarını artırmaq məqsədi daşıdığı diqqətə çatdırılıb. 

Sonra 60 illik yubiley münasibətilə bir qrup əməkdaşa uzun illər kitabxana işi sahəsində xidmətlərinə, gənc nəslin estetik tərbiyəsi işində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına görə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının “Fəxri fərman”ı təqdim edilib.

Direktor təltif olunan əməkdaşlara göstərdikləri xidmətlərə görə təşəkkür edib, onların kitabxananın fəaliyyətindəki əhəmiyyətli rolunu və töhfələrini xüsusi vurğulayıb.

Təltif olunan əməkdaşlar göstərilən diqqətə görə təşəkkürlərini bildirib, kitabxanaya, öz peşələrinə və gələcək nəsillərə olan sevgi və könül bağlılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Respublika Dövlət Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına Kütləvi Kitabxana Fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin müvafiq qərarı ilə kitabxanaya görkəmli ədəbiyyatşünas, pedaqoq, maarifpərvər Firidun bəy Köçərlinin adı verilib.