Bülbülün Memorial Muzeyi (Bakı) tərəfindən həyata keçirilən "Bülbülün qonaqları" layihəsinin növbəti tədbiri Azərbaycan mədəniyyətinin ölməz simalarından biri, möhtəşəm səsi və mahnıları ilə milyonların qəlbini fəth edən dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915–1989) 110 illiyinə həsr olunub.

Bu barədə muzeydən məlumat verilib.

Muzeyin direktoru Fərqanə Cabbarova giriş sözündə Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, Bülbüllə olan sıx dostluq əlaqələrindən bəhs edib.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək bu cür tədbirlərin sənətkarın irsinin təbliğində böyük rol oynadığını bildirib.

Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərəfəliyeva,Akademik Musiqili Teatrının solistləri Eleanora Mustafayeva, Emil Zeynallı, Sübhan Rüstəmov, Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli və Milli Konservatoriyanın tələbəsi Ləman Mustafayevanın ifasında Rəşid Behbudovun repertuarından seçmələr – Tofiq Quliyevin "Zibeydə", "Əziz surət", "Əziz dost", "Qızıl üzük", "Bakı" mahnıları, "Qoy gülüm gəlsin, ay nənə" Azərbaycan xalq mahnısı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası və Fikrət Əmirovun "Sevil" operasından Balaşın mahnısı səsləndirilib.

İfaçıları pianoda Fidan Məmmədova, Roza Səlimova, Tamara Nəhmədova müşayiət ediblər.

Tədbir zamanı lent yazıları – Rəşid Behbudovun ifasında mahnılar, sənətkarın Bülbül haqqında fikirləri də təqdim olunub.