Mərakeşin milli geyimi olan kaftan ənənəvi sənətkarlıq (toxuculuq, tikmə, muncuq işləmə) nümunəsi olaraq UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına (Representative List of the Intangible Cultural Heritage of Humanity) salınıb.
Bu barədə müvafiq qərar UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Nyu-Dehlidə (Hindistan) keçirilən (8 –13 dekabr) 20-ci sessiyasında qəbul olunub.
Nominasiya faylı haqqında UNESCO-nun saytında yer alan məlumatda qeyd olunur ki, Mərakeş kaftanı ölkənin adət-ənənələri və sənətkarlıq bacarıqları ilə tanınan zəngin mədəni simvoludur. Bu sənət toxuculuq, tikmə və muncuq işi kimi mürəkkəb əl işləri vasitəsilə Mərakeş kimliyini təmsil edir. Kaftan Mərakeşdə həm qadınların, həm də kişilərin xüsusi günlərdə və bayramlarda istifadə etdiyi geyimdir. Müxtəlif üslub və parçalarda təqdim olunur, dekorativ kəmərlə və ya kəmərsiz geyilir.
Kaftanın hazırlanmasına bacarıqlı sənətkarlar, o cümlədən parça (məxmər, ipək və s.) toxucuları, dərzilər, düymə, bəzək və muncuqlu tikmə ustaları cəlb olunur. Bu sənət qeyri-rəsmi şəkildə həm ailələr daxilində, həm də xüsusi emalatxanalarda şagirdlik, eləcə də təlim mərkəzlərində və moda məktəblərində təhsil vasitəsilə yaşadılır və nəsildən-nəslə ötürülür.
Qeyd edək ki, kaftan sənəti Mərakeşin UNESCO siyahısında yer alan sayca 16-cı qeyri-maddi mədəni irs nümunəsidir. Ənənəvi sənətkarlıq irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də dünyada tanıdılması ölkənin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir.
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin yaydığı məlumata görə, 2023-cü ildən UNESCO ilə əməkdaşlıq çərçivəsində bu sahədə xüsusi proqram həyata keçirilir. Proqramın məqsədi yox olmaq təhlükəsi ilə üzləşən sənətkarlıq sahələrini qorumaqdır. Bununla yanaşı, ustad sənətkarların öz bacarıqlarını gənc nəslə ötürməsini təmin etmək üçün xüsusi təlim kursları (9 ay müddətində) təşkil edilir.
Kral VI Məhəmmədin yüksək himayəsi altında icra olunan “Mərakeşin Ənənəvi Sənətlər Xəzinəsi” Proqramının üçüncü təqdimatı bu ilin noyabrında olub. Mərasimdə UNESCO-nun baş direktoru Odri Azule (Audrey Azoulay) iştirak edib. O, çıxışı zamanı qeyri-maddi mədəni irsin və ənənəvi sənətkarlığın yaşadılması və inkişaf etdirilməsində müasir texnoloji yeniliklərdən, o cümlədən süni intellektdən istifadənin əhəmiyyətini də vurğulayıb.
Yeri gəlmişkən, UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı reyestri bu il daha da zənginləşib. Hökumətlərarası Komitənin 20-ci sessiyasından sonra təşkilatın saytında yer alan məlumata əsasən, hazırda reyestrdə 157 ölkənin ümumilikdə 849 irs elementi var. Birinci yerdə Çin (45 element), sonrakı sıralarda Türkiyə (32), Fransa (30), İran (27) və İspaniyadır (26). Azərbaycan 24 irs nümunəsi ilə 6-cı yerdədir. İlk onluqda həmçinin Yaponiya, Cənubi Koreya (hərəyə 23 element), İtaliya və Belçika (hərəyə 21 nümunə) yer alıb.
Vüqar Orxan






















